İki gənc vəkilin saxtakarlığı ifşa olundu — Məhkəmədən səs-küylü qərar
Azərbaycanda külli miqdarda narkotik maddələrin qaçaqmalçılığı ilə ittiham olunan xarici ölkə vətəndaşları barəsində gözlənilməz məhkəmə hökmü çıxarılıb.
Ölkəyə dəniz yolu ilə 20 kiloqramdan çox narkotik vasitə gətirməkdə təqsirləndirilən və bir ildən artıqdır həbsdə saxlanılan üç İran vətəndaşı məhkəmə zallarından azadlığa buraxılıb.
Minval.info xəbər verir ki, bəraət hökmü ilə yekunlaşan bu səs-küylü cinayət işinin araşdırılması zamanı hüquq sistemində ciddi rezonans doğuracaq bir sıra müəmmalı məqamlar və saxtakarlıq faktları üzə çıxıb. Belə ki, məhkəmənin rəsmi qərarında dövlət hesabına təyin olunmuş gənc vəkillər Elnaz Səmədova və Günel Məmmədovanın təqsirləndirilən şəxslərə faktiki olaraq heç bir hüquqi yardım göstərmədiyi bəyan edilib. Onların istintaq prosesində şəxsən iştirak etmədikləri halda, rəsmi protokollara imza atdıqları məhkəmə tərəfindən təsdiqlənib və istintaq orqanının topladığı bəzi sübutların etibarlılığı ciddi şübhə altına alınıb.

Qeyd edək ki, sözügedən əcnəbi vətəndaşlar – Vahid Layeqi, Xalid Yazdani və Tohid Monşinejat ötən il mayın 29-da Xəzər dənizinin Neftçala rayonu sahillərinə yaxın ərazidə qayıqda saxlanılmışdılar. Onlara qarşı dövlət sərhədini qanunsuz keçmə, qaçaqmalçılıq və satış məqsədilə külli miqdarda narkotik vasitə daşıma ittihamları irəli sürülsə də, prosesə cəlb olunan müdafiəçilərin qanunsuz əməlləri işin gedişatını tamamilə dəyişib.
Məsələ ilə bağlı mövqeyi öyrənilən vəkil Elnaz Səmədova məhkəmə qərarındakı ağır iddiaları qəbul etmədiyini desə də, hadisəyə əlavə şərh verməkdən qətiyyətlə boyun qaçırıb. Digər vəkil Günel Məmmədova isə rəsmi hökmdə yer alan acınacaqlı faktları danmağa çalışaraq, öz üzərinə düşən vəzifəni peşəkarlıqla yerinə yetirdiyini və vicdanının rahat olduğunu iddia edib.
Vəkillər Kollegiyasının gənc hüquqşünasların bu addımına hansı intizam sanksiyası tətbiq edəcəyi isə hələlik sual altındadır.
Mənbə: gununsesi.info

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
Metronun bu stansiyası yenidən açılır
Milli Qəhrəman Ehtiram Əliyev xəstəxanaya yerləşdirildi
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər