21.10.2026 - 15:54
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ölkə 120 baxış

Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi, özünüməşğulluq proqramı çərçivəsində ilk dəfə cins damazlıq heyvanların paylanılmasına başlayıb.

Publika.az-ın məlumatına görə, bu proqram çərçivəsində “Simmental” və “Holstein” cinslərinə aid inəklər Ağdam, Xocalı və Laçın rayonlarının sakinlərinə təqdim edilib. Hər bir sakinə 2 baş cins damazlıq inək verilib.

Heyvandarlıqda yeni mərhələ

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, jurnalistlərə açıqlamasında proqramın heyvandarlıq zərfi üzrə bir ilk olduğunu vurğulayıb: “Bu cins inəklər ilk dəfə olaraq Azərbaycanda vətəndaşlarımızın təsərrüfatlarına verilir. Bu layihə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilir və həmin torpaqların potensialına böyük inam bəsləyirik.”

H. Abbasov qeyd edib ki, “Simmental” və “Holstein” cinsindən olan heyvanlar xüsusi baxım və tövlə şəraiti tələb edir. Bu səbəbdən Aqrar Xidmətlər Agentliyi ilə birgə monitorinqlər və qiymətləndirmələr aparılıb, ən uyğun təsərrüfatlara bu heyvanlar təqdim olunub.

Tədbirin keçirildiyi Ağdam rayonunun Xıdırlı kəndində bildirilib ki, heyvanların paylanışına işğaldan azad edilmiş ərazilərdən başlanılması təsadüfi deyil. Bu rayonlar yenidən canlanır və yerli əhali öz işlərini qurur.

Ümumilikdə, işğaldan azad edilmiş ərazilərə köçürülmüş 1116 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Bu bizneslərin əksəriyyəti kənd təsərrüfatı sahəsindədir. Cins heyvandarlıq üzrə aktivlərin təqdim edilməsi sakinlərin təsərrüfat fəaliyyətinin inkişafına, məhsuldarlığın artırılmasına dəstək verir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: