10.09.2026 - 19:26
Təhsil 13 baxış

Şükürbəyli kəndinə növbəti köç başladı

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Şükürbəyli kəndinə növbəti köç karvanı çatıb. Səhər saatlarında yola salınan 25 ailə, ümumilikdə 154 nəfər, doğma yurdlarına qayıdaraq yeni həyatlarına başlayıblar.

Minval.info xəbər verir ki, Şükürbəyli kəndi müasir standartlara uyğun şəkildə yenidən qurulub. Burada hər biri 80 yerlik iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və yerli icra strukturları üçün inzibati bina tikilib. Eyni zamanda, 35/10 kV-luq elektrik yarımstansiyası inşa edilib, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb.

İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Bu evlərdən 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulub. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır. Keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından razılıqla danışaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər, həmçinin, bu tarixi qələbəni bizə bəxş edən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, qazilərimizə uzun ömür və cansağlığı arzulayıblar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: