Bildiyimiz kimi pandemiya səbəbindən artıq 1 ildən çox müddətdir ki, ənənəvi tədris sistemi distant tədris sistemi ilə dəyişdirilib.

Bəs yeni dərs ilindən ənənəvi tədris bərpa ediləcəkmi?

Tədris bərpa edilərsə şagird, tələbə və müəllimlər üçün vaksinasiyaya ehtiyac varmı?

Bu sualları təhsil eksperti Kamran Əsədov Minval.info –ya verdiyi müsahibədə cavablandırıb.

“Artıq ölkədə dörd milyondan çox şəxs vaksinasiya prossesindən keçib. Bundan əlavə, biz artıq pandemiya dövründə davranış qaydalarını bilirik. Ona görə biz düşünmürük ki, tədris onlayn formada olacaq. Bu da onu deməyə əsas verir ki, 2021-ci ilin sentyabrından tədris ənənəvi  qaydada başlayacaq. Sadəcə biz dayandığımız yerdə, yəni 2020-ci martındaki kimi  tam şəkildə tədris bərpa edilməyəcək. Bütün şagirdlərin tədrisə cəlb olunması həftənin bir neçə günü təhsil müəssisələrinə gələcək. Buna görə də, 2021-ci ilin sentyabrından tədrisin bu şəkildə başlaması mümkündür. Onu da bildirim ki, ötən tədris ili müddətində risk faktoruna görə 10, 11-ci siniflər yalnız onlayn formada dərsə qoşulurdular. Amma bu dəfə bütün siniflər ənənəvi şəkildə dərsə qoşulacaqlar.”

Həmçinin ekspert, vaksinasiya məsələsinə də aydınlıq gətirib.

“Ali təhsil müəssisələri ilə orta təhsil müəssisələri arasında vəziyyət fərqlidir. Orta təhsil müəssisələrində bilirik ki, şagirdlər birmənalı şəkildə vaksinasiyaya məcburi cəlb edilə bilməzlər. May ayının 10-undan etibarən isə yaşı 18-dən yuxarılar vaksinasiyaya cəlb edilir. Bütün bunlar onu deməyə əsas verir ki, biz yəni hansı müəllimlər ki, risk qrupunda deyillər tədrisin bərpasında rol oynayacayıq. Eyni zamanda nə qədər müəllim, kimlər ki tədrisə qoşulmaq istəyir onların vaksinasiya prossesindən keçməsi mütləqdir. Vaksinasiyadan yayınanlar və ya vaksin olmayanlar təbiidir ki, tədris prossesində iştirak etməyəcəklər.
Orta təhsil müəssisələrində isə tədris ötən ildə olduğu kimi növbəli şəkildə olacaq. Təmasın az olması üçün mütləq şəkildə hibrib formada tədrislər təşkil olunmalıdır. Yəni həm ənənəvi həm də distant formada dərslər davam etdiriləcək”

Onu da qeyd edək ki, 26.07.2021 -ci il tarixində Operativ Qərargahın keçirdiyi brifinqdə ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb ediləcəyi bildirildi. Bu da çoxdandır gözlənilən qərarların olacağına hazırlıq gedir anlamına gəlir.

Anar Əhmədli