Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
Azərbaycanlı interyer dizayner Günel Babayevanın “JUNO – Buludlar üzərində ilahi ziyafət” adlı tematik restoran layihəsi Çin Xalq Respublikasında keçirilən XII Memarlıq-Dekorasiya Dizayn Sənəti Əsərləri Sərgisi və Dizayn Əsərləri Müsabiqəsində qızıl medala layiq görülüb. Bu müsabiqə 1984-cü ildən bəri keçirilir və Günel Babayeva qızıl medala layiq görülən ilk xarici vətəndaşdır.
Minval.info xəbər verir ki, Çin Memarlıq Dekorasiya Assosiasiyası tərəfindən təşkil olunan bu müsabiqə memarlıq, dekorasiya və interyer dizayn sahəsində seçilən layihələrin nümayişinə və peşəkar təcrübə mübadiləsinə həsr olunub.
Günel Babayevanın “JUNO” layihəsi Bakıda yerləşən Mercure Baku City Hotel-in 13-cü mərtəbəsində həyata keçirilmiş tematik restoran konsepsiyasıdır. Layihədə Roma mifologiyasındakı ilahələr kraliçası Juno obrazı, Bakının “Odlar şəhəri” kimliyi və yüksək mərtəbədən açılan şəhər panoraması vahid interyer konsepsiyasında birləşdirilib.
Layihənin əsas kompozisiya elementlərini səhnə və tavan sistemi təşkil edir. Səhnənin mərkəzində yerləşən qızılı “Juno” loqosu və mifoloji fiqurlar məkanın teatrallaşdırılmış atmosferini formalaşdırır. Əyri tavan elementləri, isti işıq zolaqları və taxta konstruksiyalar isə girişdən bar və yemək zonasına, oradan səhnəyə qədər vahid vizual xətt yaradır.
İnteryerin rəng və material həllində qızılı, tünd qırmızı və tünd mavi tonlar, həmçinin taxta, mis, daş, metal və güzgü səthlərindən istifadə olunub. Layihə restoran, bar, canlı çıxış və sosial ünsiyyət funksiyalarını bir məkanda birləşdirərək hotelin 13-cü mərtəbəsini qastronomiya, şəhər mənzərəsi və əyləncəni bir araya gətirən tematik məkana çevirir.
Bu il tədbirdə iştirak edənlərin sayının 10 min nəfərdən çox olduğu bildirilir. Günel Babayevanın layihələri bundan əvvəl də beynəlxalq yarışmalarda uğur qazanıb. O, 2025-ci ildə “International Design Awards” (IDA) tərəfindən gümüş medal, “Youth Sustainable Innovation Summit” (YSE) çərçivəsində keçirilən “2025 Green Award” müsabiqəsində isə qızıl mükafatla təltif edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
Aybəniz Haşımova Üzeyir bəyin ruhunu yaşadır