16.09.2026 - 13:47
Ölkə 16 baxış

Seyid Rza Əlizadə: Türküstanın maarifçi səsi

Seyid Rza Əlizadə, görkəmli maarifçi, pedaqoq, publisist və tərcüməçi, 1887-ci il fevralın 15-də Səmərqənd şəhərində dünyaya gəlib. İpəkçilik və xalça ticarəti ilə məşğul olan Mirmöhsünün ailəsində böyüyən Seyid Rza Əlizadə, Azərbaycan mənşəli idi və ailəsi uzun illər Səmərqənddə yaşasa da, Azərbaycanla mənəvi və mədəni əlaqələrini qoruyub saxlayıb.

Minval.info xəbər verir ki, Seyid Rza Əlizadə ilk təhsilini Səmərqənddə azərbaycanlı alim Şeyx Əbülqasım əl-Gəncinin təsis etdiyi məktəbdə alıb və burada müəllimlik fəaliyyətinə başlayıb. Daha sonra altı il mədrəsədə təhsil alaraq bir sıra Şərq və Avropa dillərinə yiyələnib. Bu dil biliyi onun pedaqoji, publisistik və tərcüməçilik fəaliyyətində mühüm rol oynayıb.

XX əsrin əvvəllərində Türküstanda genişlənən cədidçilik hərəkatına qoşulan Seyid Rza Əlizadə, təhsilin yenilənməsini və dünyəvi elmlərin tədrisini ictimai tərəqqinin əsas şərtləri hesab edirdi. Onun təşəbbüsü ilə 1907-ci ildə Səmərqənddə “Həyat”, 1908-ci ildə isə “Yeni həyat” adlı yeni tipli məktəblər açılıb. Bu məktəblərdə ənənəvi fənlərlə yanaşı, tarix, coğrafiya, riyaziyyat, həndəsə və təbiət elmləri də tədris edilirdi.

Seyid Rza Əlizadə, mətbuatı maarifçilik ideyalarının yayılması və ictimai şüurun formalaşdırılması üçün mühüm vasitə hesab edirdi. O, Türküstan, Qafqaz və Hindistanda nəşr edilən qəzet və jurnallarda çoxsaylı məqalə, felyeton və şeirlərlə çıxış edib. Onun yazıları “Səmərqənd”, “Yeni Səmərqənd”, “Səmərqənd səsi”, “Zərəfşan”, “Hürriyyət”, “Türküstan xəbərləri”, “Əməkçilərin səsi”, “Buxarayi-şərif” və “Turan” qəzetlərində, həmçinin “Ayna”, “Məşrəb” və “Molla Müşfiqi” jurnallarında dərc olunub.

Seyid Rza Əlizadə, rus və dünya ədəbiyyatının bir sıra nümunələrini tacik və fars dillərinə tərcümə edib. Onun tərcümələri arasında Puşkin, Ostrovski, Epton Sinkler, Abdulla Qədiri və Jül Vernin əsərləri xüsusi yer tutur. O, həmçinin “Şərq” qəzetini nəşr etmiş və 1916-cı ildə “Teleqraf xəbərləri” adlı nəşrin əsasını qoyub.

Seyid Rza Əlizadənin Azərbaycanla əlaqələri də mühüm yer tutub. O, müxtəlif illərdə Azərbaycana səfər edib, burada ədəbi və mədəni mühitlə tanış olub, şair, yazıçı və maarifçilərlə görüşüb. Üzeyir Hacıbəyli ilə qohumluq əlaqəsi olan Seyid Rza Əlizadə, Bakı səfərləri zamanı bəstəkarla görüşüb və onun əsərlərinin Türküstanda təbliğinə xüsusi əhəmiyyət verib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: