06.08.2026 - 18:41
Ölkə 25 baxış

Rusiyaya pul köçürmələrində yeni dönəm: Texniki problem yoxsa sanksiya təsiri?

Azərbaycandan Rusiyaya ‘Zolotaya Korona’ ödəniş sistemi ilə pul köçürmələrinin dayandırılması qərarı banklar və ödəniş sistemləri arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu məsələdə Azərbaycan Mərkəzi Bankı (AMB) müdaxilə etmir.

Minval.info xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, banklar və ödəniş sistemləri arasındakı əməkdaşlıq tərəflər arasında razılaşma əsasında həyata keçirilir. Bu münasibətlərə dair qərarlar yerli qanunvericiliyin tələbləri və müxtəlif risk faktorları nəzərə alınaraq banklar tərəfindən müstəqil şəkildə qəbul edilir.

Mərkəzi Bank, həmçinin, bu məsələ ilə bağlı aidiyyəti üzrə ödəniş sisteminin fəaliyyətini təmin edən təşkilata və ya həmin ödəniş sistemi ilə işgüzar münasibətləri olan banklara müraciət edilməsini tövsiyə edib.

Son günlərdə mediada Azərbaycandan Rusiyaya ‘Zolotaya Korona’ vasitəsilə pul köçürmələrinin müvəqqəti dayandırıldığı barədə xəbərlər yayılıb. Bir sıra banklar bu xidmətin texniki səbəblərdən əlçatan olmadığını bildiriblər. ‘Unibank’ və ‘Yelo Bank’ ‘Zolotaya Korona’ ilə əməkdaşlığın davam etdiyini, lakin texniki problemlər səbəbindən hazırda Rusiya istiqamətində pul köçürmələrinin müvəqqəti həyata keçirilmədiyini açıqlayıblar. Ödəniş sisteminin rəsmi saytında da Azərbaycan həm pul göndərən, həm də qəbul edən ölkələr siyahısında yer almır.

Bu məhdudiyyətin Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketindən sonra tətbiq edildiyi bildirilir. Bu sanksiyalar çərçivəsində ‘Zolotaya Korona’ ödəniş sisteminin operatoru olan Rusiyanın ‘Platejnıy Sentr’ qeyri-bank kredit təşkilatı da sanksiya siyahısına daxil edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: