“2000-ci ilin əvvəllərində Heydər Əliyevin səhhətində problemlər yarananda ən müxtəlif cinahlardan prezidentlik iddiasına düşənlər oldu. Müxalifət qütbündən İsa Qəmbər, Etibar Məmmədov, iqtidar cinahından Ramiz Mehdiyev”.

Minval.info xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin üzvü Fəzail Ağamalı Azpost.info-ya müsahibəsində deyib. O, həmin vaxt onların hər ikisinə qarşı kəskin mübarizə apardıqlarını qeyd edib:

“2001-ci ildə “Neytral” qəzetində R.Mehdiyevlə bağlı ciddi xarakter daşıyan açıqlamam dərc edildi. Komandaya xəyanətinə görə, onu ittiham etdim. Eyni zamanda müxalifətə də qarşı mətbuatda mübarizəmizi apararaq Heydər Əliyevdən sonra Azərbaycanın dövlətçiliyinə ən layiqli namizəd kimi İlham Əliyevi önə çəkdik. Bu, AVP-nin ilki idi. 1999-cu ildə onunla bağlı – “İlham Əliyev böyük siyasətdə: reallıqlar və perspektivlər” adlı ilk kitabım çap edildi”.

F. Ağamalı hakimiyyət daxilindəki qruplaşmalardan da danışıb:

“İlham Əliyev bütün bu klanları, qruplaşmaları alt-üst etdi. O qruplaşmanın vaxtilə başında dayanan, aparıcı qüvvə Ramiz Mehdiyev idi. O, dövlətimiz üçün böyük problemlər yaradırdı. Hakimiyyətdən və özünün günahı üzündən AMEA-dan uzaqlaşdırılaraq ətrafındakıların əksəriyyəti səlahiyyətlərindən məhrum edildikdən sonra demək olar ki, ölkə daxilində qruplaşma yox dərəcəsindədir. Bu gün ölkə başçısının vahid komandası var, bu komanda kifayət qədər peşəkardır. Dövlətçiliyə xidmət edən bir komandadır. Onun içərisində müəyyən sapmalar olursa, dərhal ölkə başçısı tərəfindən qətiyyətli cavabı verilir. İndiki vəziyyətdə belə bir yanaşmanın olmasını doğru hesab etmirəm. Çünki artıq yox dərəcəsindədir”.