08.09.2026 - 17:02
Təhsil 17 baxış

İmtahan proqramlarında ciddi dəyişikliklər olmayacaq

2027-ci il üçün imtahan proqramlarının məzmununda ciddi dəyişikliklər nəzərdə tutulmur. Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, hazırda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşır.

Minval.info xəbər verir ki, proqramlar yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yerləşdiriləcək. Proqramların hazırlanması zamanı DİM-də fəaliyyət göstərən müvafiq fənlər üzrə elmi-metodik seminarlarda orta və ali təhsil müəssisələrinin müəllim və mütəxəssislərinin iştirakı ilə geniş müzakirələr aparılıb. Bu prosesdə, ilk növbədə, cari tədris ilində ümumtəhsil müəssisələrində istifadə olunan 5–11-ci sinif dərslikləri təhlil edilib və fənn kurikulumlarının təlim nəticələri və məzmun standartlarının tələblərinə uyğun mövzular müəyyənləşdirilib.

Məleykə Abbaszadə qeyd edib ki, yeni dərsliklərdə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik kimi aktual mövzular daxil edilib. Eyni zamanda, şagirdlərin yalnız nəzəri biliklərinin deyil, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına daha çox diqqət yetirilib. Lakin hazırda 11-ci sinifdə təhsil alan şagirdlər bu yeni dərsliklər üzrə təhsil almayıblar və buna görə də həmin dərsliklərin yeni nəşrlərindəki materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib.

2027-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model qüvvədə qalacaq. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında isə yalnız xarici dil fənni üzrə dəyişiklik olacaq. Xarici dil fənni üzrə yazı bacarıqlarının yoxlanılması və qiymətləndirilməsi məqsədilə yeni tapşırıq formasından istifadə ediləcək. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelində isə dəyişiklik yoxdur və 2026-cı ildə tətbiq olunan imtahan modeli 2027-ci ildə də qüvvədə qalacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: