VACİB"Greenleaf Global" əslində nə satır: məhsul, yoxsa qazanc vədi? - Çində qadağan edilən sistem Bakıda necə işləyir?
TikTok sosial şəbəkəsində “Greenleaf” platforması haqqında paylaşılan videoların sayı son aylarda nəzərəçarpacaq dərəcədə artıb. Bir videoda “gündəlik qazanc”, digərində “bir dəfə ödəniş”, başqa bir paylaşımda isə “ömürlük 50 faiz endirim” və “komanda quraraq gəlir əldə etmək” vəd olunur. Maraqlıdır ki, bu materialların altında yazılan şərhlərdə ən çox təkrarlanan suallar məhsulların tərkibi və ya keyfiyyəti haqqında deyil. İstifadəçilər daha çox bu suallara cavab axtarırlar: “Neçə manatla başlamaq olar?”, “Minimum paket hansıdır?”, “Bonus necə hesablanır?”.
Bu tendensiya diqqəti cəlb etməyə bilməz. Çünki reklam olunan məhsullar kosmetika, şəxsi gigiyena vasitələri və məişət məhsulları olsa da, kütləvi maraq məhsulun özünə deyil, sistemə qoşulmaq və gəlir əldə etmək imkanları ətrafında cəmlənir. Bu ziddiyyətli mənzərəni nəzərə alaraq, platformanın Azərbaycandakı fəaliyyətini hərtərəfli araşdırmaq qərara alınıb. Araşdırma çərçivəsində şirkətin dövlət qeydiyyatı, təqdim olunan hüquqi sənədlərs, əmtəə nişanı göstəriciləri, rəsmi internet resursları, qeydiyyat mexanizmi və beynəlxalq tənzimləyici qurumların bu növ modellərlə bağlı mövqeyi öyrənilib.
Dövlət qeydiyyatı və hüquqi sənədlərin real mahiyyəti
ƏLAQƏLİ
Eks-sədrin Almaniyadakı milyonluq biznesi ifşa olundu: 47 mənzilli yaşayış binaları tikdirir!
Platformanın yerli koordinatorları tərəfindən ən çox irəli sürülən dəlil şirkətin rəsmi statusudur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi məlumat bazasında aparılan yoxlama göstərir ki, “GREENLEAF DEVELOPMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) rəsmi olaraq qeydiyyatdan keçib. Şirkətin VÖEN-i (2008866271), nizamnamə kapitalı (50 010 AZN) və ƏDV qeydiyyatı mövcuddur. Reyestr məlumatlarına görə, hüquqi şəxs aktiv statusdadır və riskli vergi ödəyicisi kimi qeyd olunmayıb.

Bu fakt rəsmi qeydiyyat iddialarını təsdiqləsə də, hüquqi şəxs statusunun mövcudluğu ilə sosial şəbəkələrdə yaradılan “dövlət zəmanəti” təsəvvürü eyni məna daşımır.
ƏLAQƏLİ
Ağ Evə açıq hədə: İranın rəsmi agentliyindən Melaniya və Barron Trampa qarşı ŞOK VİDEO
Eyni yanaşma videolar nümayiş etdirilən notariat sənədində də özünü göstərir. Təbliğat materiallarında layihənin “tam qanuni fəaliyyət göstərdiyini” sübut etmək üçün 46 saylı notariat ofisinin arayışı nümayiş olunur. Lakin sənədin hüquqi məzmunu incələndikdə bəlli olur ki, notarius burada hər hansı biznes modelini, maliyyə sxemini və ya investisiya proqramını təsdiq etmir. Bu sənəd sadəcə elektron dövlət reyestrindən (E-TAXES.GOV.AZ) götürülmüş çıxarışın surətinin əsli ilə düzgün olduğunu təsdiqləyən standart inzibati prosedurdur. Belə bir təsdiq hüquqi şəxsə internet üzərindən lisenziyasız kütləvi vəsait cəlb etmək, investisiya proqramları həyata keçirmək və ya bank-maliyyə xidmətləri təqdim etmək səlahiyyəti vermir.
Araşdırma zamanı sosial şəbəkələrdə göstərilən sənədlərlə cari dövlət reyestri arasında hüquqi ünvan fərqliliyi də müəyyən edilib:
Sosial şəbəkələrdəki çıxarışlarda fəaliyyət ünvanı kimi Xətai rayonu, “Dəmirçi Plaza” bəyan edilir.
Hazırkı rəsmi dövlət reyestrində isə şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 243 olaraq qeyd olunub.
Əqli Mülkiyyət Agentliyinin rəsmi reyestrində (patent.gov.az) “GREENLEAF DEVELOPMENT” MMC-yə məxsus əmtəə nişanın qeydiyyat sənədləri öyrənilib. Şirkət öz adına 35-ci beynəlxalq əmtəə və xidmət sinfini rəsmiləşdirib. Bu sinif çərçivəsində topdan və pərakəndə satış, marketinq, elektron ticarət, reklam və “nüfuz yaradan şəxslər (influenserlər) vasitəsilə malların təşviqi” kimi fəaliyyət istiqamətləri yer alır.

ƏLAQƏLİ
X-NERA araşdırması: Maneki Neko izləri, piramida xəbərdarlığı və ŞOK FAKTLAR
Məcburi sponsorlu qeydiyyat və depozit iyerarxiyası
Adi elektron ticarət platformalarında proses sərbəst qeydiyyat və məhsul seçimi üzərindən qorunsa da, “Greenleaf Global” daxilində mexanizm fərqlidir. Saytın qeydiyyat panelində istifadəçiyə açıq şəkildə bildirilir ki, sistemə daxil olmaq üçün mütləq bir “sponsor” tapmaq lazımdır: “Qeydiyyatdan keçmək üçün sizə sabit biznes qurmaq yolunda kömək edəcək bir sponsor tapmalısınız” (Для того чтобы зарегистрироваться! Вам необходимо найти спонсора…). Əgər istifadəçinin referal kodu yoxdursa, qeydiyyatı tamamlamaq texniki cəhətdən mümkün olmur və sistem şəxsi sosial şəbəkələrdəki digər iştirakçıları tapmağa yönləndirir.

Azərbaycan seqmentində fəaliyyət göstərən layihə koordinatorlarının daxili yazışmaları və şərhləri incələnərkən, prosesin iqtisadi tərəfi də sənədləşdirilib. Sistemə qoşulmaq istəyən şəxslərə ilkin olaraq fərqli maliyyə hədləri təklif olunur: minimum giriş paketi 170 manat olaraq təyin edilib. Lakin bununla kifayətlənməyərək istifadəçilərə dərhal “720 manatla başlasanız daha yaxşı olar, bonus çox gələcək” təlimatı verilir.

Məhz bu nöqtədə əsas müzakirə mövzusu məhsulun keyfiyyətindən uzaqlaşaraq, sistemə hansı məbləğlə daxil olmağın daha sərfəli olması ətrafında qurulur. Sosial şəbəkələrdə paylaşılan onlarla videoda da şampun, diş pastası və ya üz kremi sadəcə vizual kadr olaraq görünür; səsləndirilən əsas mesajlar isə “gündəlik qazanc”, “passiv gəlir”, “komanda qur” və “rütbə yüksəlişi” şüarlarından ibarətdir.
ƏLAQƏLİ
Eks-sədrin Almaniyadakı milyonluq biznesi ifşa olundu: 47 mənzilli yaşayış binaları tikdirir!
Sistem daxilində tətbiq olunan digər bir alət isə psixoloji yanaşma metodudur. Sosial şəbəkələrdə platformanın dayanıqlılığına və maliyyə modelinə şübhə edən və ya inanmadığını bildirən vətəndaşlara layihə administratorları tərəfindən rəsmi olaraq “Yalnız zəif iradəli insanlar inkişafa meyilli olmurlar” cavabı verilir. Hüquqi və ya iqtisadi izahat vermək əvəzinə mövzunun bu cür şəxsi motivasiya müstəvisinə keçirilməsi, şəbəkə daxilindəki şübhələri boğmaq üçün istifadə olunan spesifik marketinq üsuludur.
Beynəlxalq meyarlar və mənşə ölkəsindəki qanuni paradoks
“Greenleaf Global” özünü irihəcmli beynəlxalq holdinq kimi təqdim etdiyi üçün, bu cür biznes modellərinə qlobal tənzimləyici qurumların yanaşmasını araşdırmaq zərurəti yaranır. ABŞ Federal Ticarət Komissiyası (FTC) çoxsəviyyəli marketinq (MLM) modelinin özlüyündə qanunsuz olmadığını, lakin istehlakçıların ciddi şəkildə risk meyarlarını yoxlamalı olduğunu bildirir. FTC xəbərdar edir ki, əgər bir sistemdə əsas gəlir real məhsulların son istehlakçılara satışından deyil, şəbəkəyə qoşulan yeni iştirakçıların cəlb edilməsindən və onların yatırdığı pullardan formalaşırsa, bu, birbaşa risk siqnalıdır. FTC həmçinin “maliyyə azadlığı” və “qısa müddətdə zəngin olmaq” kimi emosional vədlərə qarşı ehtiyatlı davranmağı tövsiyə edir.
ƏLAQƏLİ
Ağ Evə açıq hədə: İranın rəsmi agentliyindən Melaniya və Barron Trampa qarşı ŞOK VİDEO

Şirkətin mənşə ölkəsi olan Çin Xalq Respublikasındakı hüquqi vəziyyət isə xüsusi bir paradoks ortaya qoyur. Çin qanunvericiliyi satıcıların başqa satıcıları cəlb etməsi və onların fəaliyyətindən komissiya zənciri qurması üzərində qurulan çoxpilləli sistemləri (“chuanxiao”) sərt şəkildə qadağan edib. Çində yalnız birbaşa satış modelinə – yəni məhsulun vasitəçisiz, birbaşa son istehlakçıya çatdırılmasına icazə verilir ki, gəlirin təməl mənbəyi yeni üzv axını deyil, məhsulun real satışı olsun.

Qlobal şəbəkə marketinqi (MLM) şirkətlərinin Çin daxili bazarında fəaliyyət göstərə bilməsi üçün dövlət tərəfindən aşağıdakı sərt inzibati və hüquqi məhdudiyyətlər tətbiq olunub. Satıcıya ödənilən ümumi komissiya və bonusların həcmi məhsulun pərakəndə satış qiymətinin 30 faizindən çox ola bilməz. Distribütorlar yalnız öz şəxsi satdıqları məhsula görə xalis gəlir əldə edə bilərlər. Dəvət etdikləri digər şəxslərin satış dövriyyəsindən faiz və ya komissiya götürülməsi qanunla məhdudlaşdırılır. Çin qanunvericiliyinə görə, birbaşa satış həyata keçirən şirkətlərin istehlakçıların hüquqlarını qorumaq və məhsulların geri qaytarılmasını təmin etmək məqsədilə fiziki mağazaları və ya rəsmi xidmət mərkəzləri fəaliyyət göstərməlidir. Çin hüquq-mühafizə orqanları daxili bazarda bu qaydaları pozaraq gizli şəkildə çoxsəviyyəli iyerarxiya və ya piramida modeli quran qurumlara qarşı ağır cərimələr və cinayət məsuliyyəti tətbiq edir. Buna görə də, bu kimi şirkətlər bu satış üsulunu öz ölkəsində edə bilmir.

Xarici analitik platformaların və regional iqtisadi forumların (məsələn, rusdilli todzhinsky.ru/invest/greenleaf-trader) hesabatlarında da layihənin biznes modeli ciddi tənqid olunur. Beynəlxalq distribütorların şikayətlərində qeyd olunur ki, sistem daxilində pulların hesablanması real valyuta ilə deyil, PV (Point Value) adlı virtual daxili xal sistemi ilə aparılır.
ƏLAQƏLİ
X-NERA araşdırması: Maneki Neko izləri, piramida xəbərdarlığı və ŞOK FAKTLAR

Qazanılan bonusların böyük hissəsinin nağdlaşdırıla bilmədiyi, istifadəçilərin yenidən şirkət daxili məhsulları almağa məcbur edildiyi və ya vəsaitlərin çıxarılmasında ciddi çətinliklərin yarandığı vurgulanır. Bu regional forumlarda qaldırılan sualların Azərbaycandakı istifadəçilərin şübhələri ilə tam eynilik təşkil etməsi prosesin qlobal xarakterindən xəbər verir.
Sənədlərin, beynəlxalq qanunvericilik presedentlərinin və platformanın daxili internet resurslarının müqayisəli analizi göstərir ki, “Greenleaf Global” kağız üzərində rəsmi bir MMC qeydiyyatına və funksional məhsul kataloquna malik olsa da, struktur cəhətdən tamamilə binar asılılığı olan, mütləq sponsorlu şəbəkələşmə modelini tətbiq edir.

“Greenleaf Global” platformasının yerli sosial media kanallarında (GREENLEAF-XOŞBƏXTLİYİNSİRRİ) istifadəçilərin inamını qazanmaq üçün korporativ miqyasla bağlı irihəcmli iddialar irəli sürülür. Paylaşılan video materiallarda layihənin rəsmi rəhbəri Vilyam Sunun (William Su) “Çinin ən zəngin 10 milyarderindən 5-cisi” olduğu, rəhbərlik etdiyi korporasiyanın isə “51 milyard dollar büdcəyə” sahib olduğu iddia edilir.
Forbes və Bloomberg kimi dünyanın ən nüfuzlu maliyyə qurumlarının Çin üzrə rəsmi milyarderlər siyahısında (Forbes China Rich List) William Xu-nun (Xu Jiancheng) adı ilk 10-luqda, hətta ilk 100-lükdə belə yoxdur.
ƏLAQƏLİ
Eks-sədrin Almaniyadakı milyonluq biznesi ifşa olundu: 47 mənzilli yaşayış binaları tikdirir!
Çinin ilk 5 milyarderi tamamilə fərqli şəxslərdir: Siyahının ilk sıralarında Zhong Shanshan (Nongfu Spring – su nəhəngi), Zhang Yiming (ByteDance/TikTok-un qurucusu), Ma Huateng (Tencent/WeChat), Robin Zeng (CATL – batareya istehsalı) və William Ding (NetEase – texnologiya) kimi qlobal texnologiya və sənaye nəhənglərinin rəhbərləri dayanır.
William Xu Forbes-in milyarderlər siyahısına daxil deyil. O, Çində tanınmış bir iş adamıdır, lakin ölkənin ən zəngin adamları ilə müqayisə oluna biləcək miqyasda şəxsi sərvətə malik deyil
Niyə Avropada yox, MDB ölkələrində?
Şirkətin baş ofisi və əsas istehsal obyektləri mənşə ölkəsi olan Çində yerləşsə də, korporativ rabitə və back-office xətləri demək olar ki, tamamilə Rusiya, Qazaxıstan, Gürcüstan və Azərbaycan koordinatlarına yönəldilib. Bu növ yüksək depozit tələb edən binar modellərin Avropa ölkələrində fəaliyyət göstərə bilməməsinin və məhz MDB regionunu hədəf seçməsinin arxasında konkret sosial, iqtisadi və hüquqi faktorlar dayanır.
ƏLAQƏLİ
Ağ Evə açıq hədə: İranın rəsmi agentliyindən Melaniya və Barron Trampa qarşı ŞOK VİDEO
Avropa İttifaqı məkanında əhalinin maliyyə və hüquqi savadlılıq səviyyəsi, eləcə də rəqəmsal müqavilələri yoxlama mədəniyyəti yüksəkdir. MDB məkanında isə dövlət tərəfindən verilmiş bəsit bir vergi qeydiyyatı və ya notariat surət təsdiqi istehlakçılar tərəfindən birbaşa “fəaliyyətə verilən dövlət zəmanəti” kimi qəbul edilir.
Həmçinin, sosial rifahı aşağı olan, işsizlik və ya aşağı qazanc problemi yaşayan cəmiyyətlər virtual platformaların “sürətli passiv gəlir” vədlərinə qarşı daha həssas olurlar. Avropada güclü sosial təminat sistemləri və sabit minimum əməkhaqqı göstəriciləri insanları bu növ riskli depozit iyerarxiyalarından uzaq tutduğu halda, iqtisadi çətinlik çəkən MDB vətəndaşları 170-720 AZN kimi giriş məbləğlərini qısa müddətdə böyük qazanc əldə etmək ümidi ilə riskə atmağa meyilli olurlar. Elə bilirlər ki, bu yolla yaxşı pul qazanacaqlar, varlanacaqlar.
Bununla yanaşı, Avropa ölkələrində və ABŞ-da istehlakçıların hüquqlarını qoruyan xüsusi anti-piramida qanunları mövcuddur və Federal Ticarət Komissiyası (FTC) kimi qurumlar gizli binar zəncirləri aşkar etdiyi andan milyardlıq cərimələr və cinayət işləri tətbiq edirlər. MDB coğrafiyasında isə şəbəkə marketinqi və binar sxemləri birbaşa tənzimləyən xüsusi qanunvericilik və kiber-nəzarət filterləri hələ tam formalaşmayıb. MDB xalqları arasında sıx qohumluq və sosial etibar əlaqələri yüksək olduğundan referal mexanizmi daxildə daha sürətlə yayılır və insanlar rəsmi institutlara deyil, öz çevrələrindəki “sponsorların” nümayiş etdirdiyi virtual balanslara və qəbzlərə daha asanlıqla inanırlar.
Azərbaycan Respublikasının qanunvericilik bazasına əsasən, sadə bir MMC statusu və ya patent sənədi heç bir hüquqi şəxsə internet üzərindən tənzimlənməyən kütləvi depozit toplamaq, investisiya proqramları həyata keçirmək və ya vətəndaşlardan qabaqcadan vəsait yığmaq səlahiyyəti vermir. Bu növ irihəcmli maliyyə dövriyyələri və kütləvi vəsait yığımları birbaşa Azərbaycan Respublikası Mərkəzi Bankının xüsusi lisenziyasına və nəzarət mexanizmlərinə tabedir.
İnternet üzərindən təşkil olunan dələduzluq pramidalarının fəaliyyəti araşdırılır
Ayrı-ayrı maliyyə piramidası prinsipi ilə fəaliyyət göstərən dələduzluq şəbəkələrinə qoşulan vətəndaşların külli miqdarda maliyyə itkisinə məruz qalırlar.
ƏLAQƏLİ
X-NERA araşdırması: Maneki Neko izləri, piramida xəbərdarlığı və ŞOK FAKTLAR
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilən tədbirlər nəticəsində bu istiqamətdə fəaliyyət göstərən bir neçə qrup və şəbəkə ifşa olunub. “Greenleaf” sirkətinin fəaliyyəti ilə bağlı əsaslı şübhələr yarandığından həmin şirkətin vəzifəli şəxsləri ilə bağlı araşdırma aparılır.
Hazırda faktlarla bağlı tədbirlər davam etdirilir.
Məhəmməd Türkmən / Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİB"MoveShort" piramidasının ifşası – Yeni həbslər olacaq
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR
Azərbaycana gələn turistlərin sayı azalıb
Erməni ordusunda HÜCUM silahları - Kimə tuşlanacaq?