“Antiterror əməliyyatları gözlənilən idi. Biz elə bilirik ki, müharibə bitib, lakin hələ bitməyib”.

Bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Bakupost.az -a açıqlamasında deyib.

Ç. Qənizadə “Qisas” antiterror əməliyyatı ilə bağlı danışıb:

“Ermənilər bütün vasitələrlə üçtərəfli bəyannamənin müddəalarını pozmağa davam edirlər. Ən azı 4-cü bənd il yarımdan artıqdır ki, pozulur. Yəni, sülhməramlıların bölgəyə gəlişilə paralel erməni silahlı birləşmələri Qarabağı tərk etməliydi. Bundan başqa, ermənilər bir tərəfdən danışıqlar aparır, digər tərəfdən təxribatlara əl atırlar. Rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdəki separatçıların silahlı dəstələri Laçında, Kəlbəcərdə təxribatlar törədir, tez-tez sərhəddə atəşkəsi pozur. Axırıncı əməliyyat hadisələrin bir növ kuliminasiya nöqtəsi oldu. “Qisas” antiterror əməliyyatının aparılmasını alqışlayırıq. Bu əməliyyatla separatçı rejimin hərbi texnika və əsgərlərinin məhv edilməsi çox düzgün addımdır”.

Sədr hesab edir ki, antiterror əməliyyatlarının miqyasını genişləndirmək lazımdır:

“Azərbaycan ərazisi olan Qarabağda heç bir dövlət tərəfindən tanınmayan, separatçı rejimə məxsus bütün hərbi texnika, silahlı birləşmələr məhv edilməlidir. Rusiya sülhməramlıları da bugünədək prosesdə tənzimləyici kimi deyil, ermənilərin və Ermənistanın mövqeyindən çıxış edir, separatçı qüvvələrin silahlanmasına göz yumurdu. Bu baxımdan Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa da uyğundur. Çünki öz ərazimizdə istənilən separatçı rejimi məhv etmək hüququnu özümüzdə saxlayırıq. Ümid edirəm ki, bu cür antiterror əməliyyatları yaxın vaxtlarda davam edəcək”.