19.09.2026 - 09:21
Siyasət 13 baxış

Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına köçürülməsi ilə bağlı razılaşma imzalamaq üzrədir. Hazırda Britaniyanın mərkəzi bankında təxminən 4 milyard dollar dəyərində olan 31 ton Venesuela qızıl külçəsi saxlanılır.

Minval.info xəbər verir ki, müzakirə olunan müqavilənin şərtlərinə əsasən, Delsi Rodrigesin rəhbərlik etdiyi hökumət qızıl üzərində hüquqi nəzarət əldə edəcək, lakin onu dərhal satmaq imkanı olmayacaq.

Bununla belə, qiymətli metalın ölkənin bərpası üçün kredit girovu kimi istifadə edilə biləcəyi gözlənilir. Xüsusilə, iyunun 24-də baş vermiş və 6 mindən çox insanın həyatına son qoyan 7.5 maqnitudalı dağıdıcı zəlzələdən sonra xərclərin maliyyələşdirilməsi üçün bu addım atıla bilər.

Razılaşmanın texniki detallarının dəqiqləşdirilməsi müəyyən vaxt tələb edə bilər. Qızılın Londondan Nyu-Yorka köçürülməsi ilə bağlı bu sövdələşmə, Cənubi Amerika ölkəsinin hökuməti və müxalifət qüvvələri arasında danışıqlar prosesinin ilk real nəticələrindən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, Venesuela rəhbərliyi daha əvvəl dəfələrlə Birləşmiş Krallıqdakı dövlət qızıl ehtiyatları ilə əməliyyatlar aparmağa cəhd göstərsə də, Britaniya bankı tərəfindən rədd cavabı alıb. Buna səbəb kimi Böyük Britaniyanın Nikolas Maduronu respublikanın qanuni lideri kimi tanımaması göstərilirdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: