30.10.2026 - 14:54
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir
Siyasət 191 baxış

Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir

Gürcüstan və Azərbaycan sərhədin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər. Oxu.az-ın “Report”a istinadən yaydığı məlumata görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlama verib.

İ.Kobaxidzenin sözlərinə görə, iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər, o cümlədən Keşikçidağ (Qareci) monastırı və ətraf ərazilərlə bağlı müzakirələr aparılıb.

Bu məsələ həm Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında, həm də iki ölkənin baş nazirlərinin ikitərəfli görüşündə müzakirə edilib. Tərəflər sərhədin delimitasiyası və demarkasiyası üzrə işlərin sürətləndirilməsi barədə razılığa gəliblər.

Baş nazir bildirib ki, son illər bu istiqamətdə irəliləyiş olmayıb və Azərbaycanla birlikdə sürətli irəliləyiş əldə etmək niyyətindədirlər. Onun sözlərinə görə, təxminən 15 mübahisəli hissə var ki, onların hər biri üzrə fəal iş aparılmalıdır.

İ.Kobaxidze vurğulayıb ki, əsas məqsəd sərhəd məsələlərinin prinsipial həllinə nail olmaqdır və bunun üçün prosesin başa çatdırılması vacibdir. O, Azərbaycan tərəfinin prosesin sürətləndirilməsi ilə bağlı müraciətə müsbət yanaşma göstərdiyini də qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: