Tovuz rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Minval.info-ya verilən məlumata görə, Tovuz sakini rayon Polis Şöbəsinə müraciət edərək, Əli adlı şəxsin onun evinə işıq çəkdirəcəyini vəd edərək ondan dələduzluq yolu ilə 2850 manat pul alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini, Əli Novruzov saxlanılıb. Onun ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs müxtəlif vaxtlarda daha bir neçə rayon sakininə dövlət qurumlarındakı “nüfuzundan” istifadə edərək onlara kömək edəcəyini bildirmiş və beləliklə həmin şəxslərə qarşı dələduzluq edib. Belə ki, Əli Novruzov 4 nəfər şəxsə əlilliyə görə pensiya təyin etdirəcəyi barədə vəd verərək onların ümumilikdə 16400 manat nağd pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa saxlanılan şəxs rayon sakini ilə əlaqə yaradaraq ona yaşadığı kənd ərazisində torpaq sahəsi verdirəcəyini bildirərək ondan 1000 manat pul alıb. Hələlik 6 nəfərə qarşı dələduzluq edərək ümumilikdə onların 20.000 manatdan çox pulunu dələduzluq yolu ilə mənimsəyən Ə. Novruzovun əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Saxlanılan şəxs barəsində Tovuz rayon Polis Şöbəsinin İstintaq Bplməsində Cinayət Məcəslləsinin 178.2.2 (Dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.