14 oktyabr tarixində Bakı Gənclər Mərkəzində “Soyuq Günəş” filmi nümaiş etdirilib. Tədbirdə film heyətindən aktrisa İranə Kərimova, Qəmər Məmmədova, Dilarə Fərəcullayeva, Şəhla Məmmədova, Məlahət Əhmədova, Könül Şahbazova,İlhamə Əhmədova, qruluşçu rejissor Elşən Zeynallı və gənc könüllülər iştirak edib.

Filmi birlikdə izlədikdən sonra aktyorlar gənclərin suallarını cavablandırıblar.

Filmin quruluşçu rejissoru Elşən Zeynallı bildirib ki, “Auditoriyanı maraqlandıran əsas suallar film necə çəkildi, nə vaxt çəkildi, nə qədər vaxta çəkildi bunlardır. Bizə insanlar hər zaman bu tip suallar verirlər. Biz filmi 45 günə çəkdik.

Oktyabr ayında başlayıb noyabr ayında bitirdik. Məkan tapmaq, geyimlər, toy səhnəsi üçün hazırlıq 6 ay vaxtımızı aldı. Bu filmi əvvəllər bir neçə dəfə çəkmək istəsələr də, alınmayıb. Filmdə ən çox Bakı Uşaq Teatırının heyəti çəkilib.

Film çox böyük əziyyətlər nəticəsində ərsəyə gəldi. Çəkiliş soyuq aylara təsadüf etdi. Düşünün ki, o qədər soyuq idi ki, elə yerimizdə də donub qalırdıq. Gecəmizi gündüzümüzə qatmışdıq. Amma buna dəydi. Çünki insanlar filmi sevdilər və izlədilər. Bəzi səhnələr var ki, səhərə yaxın 3-4 radələrində çəkilib. Məsələn çay süfrəsi səhnəsi gecə 4-də çəkilib. “Yarqunat” və “Yarmət”in pilləkəndəki səhnəsi isə gecə 3-də…

Hətta film təzə-təzə çəkilməyə başlayanda “Yarqunat” obrazını canlandıran İranə Kərimova depressiyada idi. Obrazın həyatı ona ağır təsir etmişdi. Ona görə 1 həftə setdən uzaqlaşıb Bakıya getdi və özünü toparladıqdan sora yenidən çəkilişə başladıq . Onu da qeyd etmək istəyirəm ki, “Soyuq günəş” filminin 2 variantı var. Film variantı və serial variant. Serial variantının artıq 5 bölümü montaj edilib, hazırdır.

Əslində serial filmdən fərqlənir. Filmin çox uzun olmaması üçün bəzi hissələr çıxardılıb. Serialda isə daha dərinlikləri var. Məsələn, Osman ağır qəza keçirir və gözlərini bu qəzada itirir. Daha sonra isə Osman Qətbarla evlənir. Qətbar Osmanı gözləri olmadan da sevir və qəbul edir.

Əməyimizə dəyər verən hər kəsə təşəkkür edirik.”

Qedək ki, film ssenari müəllifi və prodüser Sədaqət Kərimovanın şəxsi vəsaiti hesabına yaradılıb.

NƏRMİNƏ AYDINQIZI
MİNVAL.İNFO