Fəxrəddin manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Bu gün Azərbaycanın tanınmış Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür. O, 71 yaşını qeyd edir.
1955-ci ildə Xankəndidə dünyaya gələn Fəxrəddin Manafov, ailəsinin Bakıya köçməsindən sonra uşaqlıq illərini burada keçirib. Futbola olan marağı ilə tanınan Manafov, yaxınlarının gələcəkdə onu futbolçu kimi görəcəyini düşünürdü. Lakin 1971-ci ildə, 16 yaşında ikən, A.M.Şərifzadə adına Aktyor evində kinomexanik kimi işə başlayaraq sənət yoluna qədəm qoydu. Daha sonra hərbi xidmət üçün Almaniyaya yola düşdü.
Minval.info xəbər verir ki, hərbi xidmətdən qayıtdıqdan sonra, 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil aldı. 1989-1993-cü illərdə “Yuğ” Dövlət Teatrında aktyor kimi fəaliyyət göstərdi. 1978-ci ildən etibarən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında filmlərə çəkilməyə başladı.
Gənclik illərində Tədris Teatrında işləyərkən tanış olduğu Vahidə xanımla ailə həyatı qurdu. Vahidə xanım da teatrda aktrisa kimi çalışırdı və sonradan tanınmış diktor oldu. Onların övladı olmasa da, bir-birlərinə olan sevgiləri illərlə davam etdi. 2021-ci ildə Vahidə xanım uzun sürən xəstəlikdən vəfat etdi ki, bu da Fəxrəddin Manafov üçün böyük itki oldu.
Fəxrəddin Manafovun filmoqrafiyası “Doğma sahillər”, “Lətifə”, “Ölsəm… bağışla”, “Gecə qatarında qətl”, “Təxribat”, “Qətldən yeddi gün sonra”, “Qəzəlxan”, “Dünən, bu gün, sabah”, “Təhminə”, “Nigarançılıq”, “Otel otağı”, “Etimad telefonu”, “Bir anın həqiqəti” və “Ovsunçu” kimi filmlərlə zəngindir. Onun ən sevilən obrazlarından biri “Təhminə” filmindəki Zaurdur.
1987-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülən Fəxrəddin Manafov, Azərbaycan kinosunun inkişafında mühüm rol oynayıb.
Bu gün həmçinin Azərbaycan kinosunun yaranmasının 128-ci ildönümüdür. 1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişonun çəkdiyi “Bibiheybətdə neft fontanı yanğını” filmi ilə Azərbaycan kinosunun əsası qoyulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fədayə Laçın: Çətinliklər, xəyanət və həbsxanada öyrəndiklərim
Babək niftəliyevdən oğluna musiqi dolu ad günü sürprizi!
Kızılcık şerbeti serialında gözlənilməz ayrılıq: Feyza civelek niyə getdi?
Fədayə Laçın həbsxana xatirələrini paylaşır: Nifrət deyil, sevgi gördüm