Bu gün “Xalqlar dostluğu” metrostansiyasının yanında, arxadan gələn “Toyota Prius” 40 nömrəli avtobusa çırpılıb. Sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb. Sosial mediada isə qəzaya səbəb olan avtomobil markası ilə bağlı tənqidlər səsləndirilib.

Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sfera.az-a açıqlamasında deyib ki, bu tipli yol nəqliyyat hadisələrinin səbəbkarı həmin avtomobillər deyil, onu idarə edən intizamsız sürücülərdir:

“Qəzaların günahkarı iş və istirahət rejimi bəlli olmayan, narkotik asılılığı, psixoloji durumu, sərxoşluğa meylli şəxs olub olmaması bilinməyən sürücülərdir. Onlar transmilli şirkət sayılan “Uber”, “Bolt”, “Yandex” və digər şirkətlərdə taksi sürücüsü kimi işə düzəlirlər və gündəlik onlarla sərnişin daşıyırlar. Şəxsən mənim ətrafımda olan nə qədər insan taksi sifariş verəndə şərt qoyurlar ki, “Toyota Prius” markalı avtomobil gəlməsin. Bu avtombili idarə edənlər o qədər dəhşətli mənzərə ortaya qoyublar ki, vəziyyət qorxunc həddə çatıb. Burada günah əslində dediyim kimi, həmin markalı avtomobildə deyil, onu idarə edən sürücülərdədir, daha dərinə getsək, o sürücüləri gün ərzində 8 saatdan artıq işlədən dırnaqarası sahibkarlar, iş adamları, hansısa şirkətlərdir. Ona görə düşünürəm ki, problemi kökündən həll etmək üçün prosesin dərininə getmək lazımdır. Yəni üzdə olan sadəcə sürücüdür, arxa planda isə qeyd etdiyim şəxslərdir”.