Sentyabrda ərzaq qiymətləri yenidən yüksələcək!
Sentyabr ayında ərzaq bazarında qiymət artımı gözlənilir. Mövsüm dəyişikliyi, idxal xərclərinin artması və istehsal maya dəyərinin yüksəlməsi kimi amillər qiymətlərin artmasına səbəb ola bilər.
Minval.info xəbər verir ki, iqtisadçı Asif İbrahimov qiymət artımının yalnız mövsümi amillərlə izah edilməsinin doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, kartof, soğan, meyvə-tərəvəz, süd məhsulları, ət, un və un məmulatlarının qiymətində artım müşahidə edilə bilər. Mövsüm dəyişikliyi ilə bəzi məhsulların yerli təklifi azalır və idxala ehtiyac artır.
Yanacaq, gübrə, enerji, su və logistika xərclərinin artması məhsulun maya dəyərinə təsir edir. Lakin maya dəyərinin 10 faiz artdığı halda pərakəndə qiymətin 20-30 faiz yüksəlməsi əsaslandırıla bilməz. Dövlət qiymət artımını müşahidə etməklə kifayətlənməməli, bahalaşmanın səbəblərini müəyyənləşdirməlidir.
İqtisadçı, həmçinin, fermerlərin məhsullarını aşağı qiymətə satdığı halda istehlakçıların həmin məhsulları baha almasının qiymət zəncirinin şəffaflığı məsələsini ortaya çıxardığını qeyd edib. Məhsulun tarladan mağazaya qədər keçdiyi mərhələlərdə yaranan xərc və marjalar müəyyən edilməlidir. Dövlət daxili istehsalı planlaşdırmalı, saxlama imkanlarını genişləndirməli və strateji ehtiyatlar formalaşdırmalıdır.
Problemin kökündə iqtisadiyyatın idxal və istehlakdan yüksək asılılığı dayanır. Yüksək məhsuldarlıq, yerli emal və rəqabətli istehsal təmin edilmədikcə xarici bazarlardakı dəyişikliklərin ərzaq qiymətlərinə təsiri yüksək olacaq. Dövlət subsidiya ayırmaqla kifayətlənməməli, bu vəsaitin hansı nəticəni yaratdığını da tələb etməlidir. Subsidiyalar məhsulun həcminə deyil, məhsuldarlığa, texnologiyaya, suya qənaətə, emala və ixrac imkanlarına bağlanmalıdır.
Fermerlərin bazarda daha güclü mövqeyə malik olması üçün kooperasiyaların inkişaf etdirilməsi, supermarket və emal müəssisələri ilə birbaşa müqaviləli satış imkanlarının genişləndirilməsi vacibdir. Regionlarda soyuducu anbar, çeşidləmə, qablaşdırma və emal infrastrukturu yaradılmalıdır.
Aqrar kreditləşmədə yanaşmanın dəyişdirilməsi də vacibdir. Kreditlərin müddəti real istehsal dövrünə uyğunlaşdırılmalı, güzəştli maliyyələşmə məhsuldarlığı artıran texnologiyalara, suya qənaət edən sistemlərə, müasir avadanlıqlara və emala yönəldilməlidir. Dövlət tərəfindən verilən subsidiya və kreditlərin nəticəsi ölçülməli, effektiv olmayan mexanizmlər dəyişdirilməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiymətində yeni dalğalanma: Brent ucuzlaşdı
Dyson-dan süni intellektli diş fırçası: CameraJet!
Həkim maaş artımı: Bölgələrdə kadr çatışmazlığı bitəcək?
MİDA sakinlərinə liftlərdə təhlükəsizlik zəmanəti!
Övladlığa götürənlərə aylıq 600 manat dəstək!
Dövlət avtomobilləri 500 manatdan satışda!
Neftin qiyməti 90 dolları keçdi!