Vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Kriminalqafqaz” xəbər verir ki, o, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. İclasda ona ifadə vermək təklif olunsa da, indiki mərhələdə imtina edib.

“Mən bu məhkəmənin xüsusi nəzarət altında keçirilməsini istəyirəm. Mənə qarşı aşkar qanun pozuntuları var”, – deyə o bildirib.

Məhkəmədə prokuror Ramin Hacılı haqqında ittiham aktını elan edib. İttihama əsasən, R.Hacılı xarici ölkələrə iş, səyahət və daimi yaşayış üçün getmək istəyənlərə səfirliklərdən viza, sonradan həmin ölkələrdə oturum almağa kömək vəd edib. Bu adla da onlardan pul alıb. İttihamda göstərilib ki, viza almaq prosesində Macarıstan, Latviya və başqa ölkələrin Azərbaycandakı səfirliklərinə həmin şəxslərin iş yeri, bankda vəsaiti haqda saxta sənədlər təqdim olunub. O, müxtəlif şəxslərdən 1000 manatdan 18 000 manata qədər pul alıb, onları aldatmaqda təqsirləndirilir.

Ramin Hacılıya mütəşəkkil dəstə tərkibində dələduzluq, saxta sənəd hazırlama, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət verməyə təhrik və başqa ittihamlar irəli sürülüb.
O isə bu ittihamların heç birini qəbul etmədiyini, özünü qətiyyən təqsirli bilmədiyini söyləyib.

Məhkəmədə şahid Lalə İbrahimova dindirilib. O deyib ki, Ramin Hacılının işlədiyi ofisdən onun işlədiyi şirkətin elektron poçtuna gələn sənədləri çap edib: 

“Mən “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində (sədri Sərdar İsgəndərov da bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilib və ayrıca mühakimə olunur-red.) işləyirdim. Ramin Hacılıgilin ofisindən bizim ofisin elektron poçtuna sənədlər gəlirdi, onları çap edirdim, deyilən yerlərə göndərirdim. Mən o vaxt həmin sənədlərin saxta olduğunu bilmirdim. Sonradan istintaqda bildim…”.

Məhkəmə iyunun 22-də davam edəcək.

Qeyd edək ki, R. Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilmiş, 2019-cu ildə azadlığa buraxılmışdı. O, 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək yenidən həbs edilib.