Ötən gecə dünyasını dəyişən mərhum müğənni-bəstəkar Rəhim Rəhimlinin vida mərasimində sənət dostları onunla bağlı xatirələrini bölüşüblər.

Mərasimdə iştirak edən sənətçilər “Report”a açıqlamalarında müğənninin ölümünü Azərbaycan mədəniyyəti üçün ağır itki olduğunu bildiriblər.

Rəhim Rəhimli ilə birlikdə duet oxuduğunu xatırladan Xalq artisti Aygün Kazımova bildirib ki, bir müddət əvvəl onunla birgə bir neçə mahnı yazmağı və layihə həyata keçirməyi planlaşdırıb.

Onun sözlərinə görə, R.Rəhimlinin yaradıcılıqla bağlı çox böyük arzuları olub: “Xəstəliyini bölüşməzdi. Mən də elə bilirdim ayağı sınıb və müalicəsi də onunla bağlıdır. Hər dəfə səhnəyə çıxandan sonra ayaqları çox şişirdi, əziyyət çəkirdi, amma heç kimə demirdi”.

Bəstəkar Murad Arif deyib ki, Rəhim Rəhimlinin ölümünə hələ də inanmır: “Onun vaxtsız ölümünə inanmaq istəmədim, sanki bu da bizimlə etdiyi növbəti zarafatlardan biridir. Səhər yuxudan oyananda xəbər başlıqlarını oxuyub özümü buraya yetirmişəm, Azərbaycan səhnəsinin əsl artistini itirdik. Onunla nə zaman görüşsək, ancaq anasının səhhətindən narahat olduğunu bildirirdi. Heç zaman öz xəstəliyindən şikayət etmirdi”.

Sonuncu dəfə R.Rəhimli ilə iki ay əvvəl görüşdüyünü xatırladan repçi Fərid Eminov mərhumla birlikdə böyük konsertlərinin olduğunu və səhnələrdə birlikdə çıxış etdiyini bildirib: “Son bir ildə özünə çox qapanmışdı. Onunla böyük konsertlərimiz olub, bir səhnəni bölüşmüşük. Allahdan rəhmət diləyirəm”.

R.Rəhimli ilə hələ gənc yaşlarından dostluq etdiyini bildirən müğənni Zamiq Hüseynov onun heç vaxt səhhətindən şikayət etmədiyini söyləyib: “Amma mən özüm hiss etmişdim ki, o, son vaxtlar yaxşı deyil. Təəssüf ki, özünə baxmadı, öz qədrini bilmədi”.

Əməkdar artist Elza Seyidcahan isə R.Rəhimlinin sənəti duyan insan olduğunu vurğulayıb: “Məni görəndə hər zaman qarşıma qaçırdı. Fərəc Qarayevin sinfində dərs almışdı. Çox sarsıldım və özümə borc bildim ki, gəlib onu son mənzilə yola salım”.

R.Rəhimli ilə təxminən 26 ilə yaxındır tanış olduğunu vurğulayan müğənni Vasif Məhərrəmli onunla konservatoriyada bir yerdə oxuduğunu deyib: “Bu yaxınlarda onu qohum məclisinə dəvət etdim, gələ bilmədi. Ayaqları şişmişdi. Sonuncu məclisə başmaqla gəlməyi mənim diqqətimi çəkdi”.