09.09.2026 - 23:36
Maqazin 15 baxış

Murad Arifdən toy məhdudiyyətinə sərt etiraz

Ölkədə toyların maksimum 2 saat davam etməsi və ən çox 100 qonağın iştirakı ilə keçirilməsi təklif olunub. Tanınmış ifaçı Murad Arif bu təklifə narazılığını bildirib.

Minval.info xəbər verir ki, sənətçi sosial media hesabında paylaşım edərək Azərbaycanda toy ənənəsinin tarixən formalaşdığını və toy sektorunun ölkədə çoxsaylı insanlar üçün gəlir mənbəyi olduğunu vurğulayıb.

Murad Arif bildirib ki, “Bilirik ki, dədə-babalarımız 7 gün, 7 gecə (bəzən 40 gün, 40 gecə) toy edərmişlər. Bəzi bölgələrimizdə, içki mədəniyyəti əsrlərə dayanır. Rayonlarımız var ki, doğulan uşağın adına çaxır basdırırlar həyətdə, ‘böyüyəndə, toyunda içərik’ deyərək. Sazın, sözün, şərabçılığın diyarıdır e Azərbaycan. Bu ruh var olunca, qəti qorxusu yoxdur!”

Müğənni toy sektorunun çoxsaylı insanların gəlir mənbəyi olduğunu vurğulayıb: “Böyük sərmayə, əmək haqqı, məvaciblər dönür bu sahədə. Ayıq sürücüsündən tutmuş, xadiməsi, aşbazı, kostyum, geyim ticarəti, saç-üz salonlarına qədər. Maşın icarəsi, mənzil, avtomobil satışı… Saymaqla bitməz. Ofisiant tanıyıram ki, 3 övladını rayondan şəhərə, ali təhsil üçün yerləşdirib, təmin edib… Milyonlarla insanın çörək puluyla oynamaqdan danışırsız? Toy sektoru Azərbaycanın mental biznes strukturudur…”

O, toyların 100 nəfərlə məhdudlaşdırılması və iki saat davam etməsi təklifinə sərt reaksiya verib: “Amma, aramızda şənlənmək düşmanları, qərəmət heyranları, yas-matəm fanatları da var. Ağıllının biri çıxıb norma diktə edir. Toylar 100 nəfərlik olsun, maksimum 2 saat davam eləsin. Özüm ölüm, dəlixanadır e… Get özündən, əzizlərindən, qohumlarından başla da, qardaşım. Olar?”

Müğənni, həmçinin, toy dəbinin insanların bir-birini təkrarlaması ilə formalaşdığını və hər kəsin öz məclisini istədiyi kimi təşkil etmək hüququnun olduğunu bildirib. O, toya dəvət olunan, lakin iştirak etmək istəməyən şəxslərin bunu açıq şəkildə bildirməsinin daha doğru olduğunu düşünür.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: