“Qarabağ” 2022/23 mövsümü Azərbaycan Premyer Liqasının ilk turunun oyunu ilə əlaqədar Peşəkar Futbol Liqasına müraciət etməyəcək.

Bu haqda Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş”la səfərdə keçirəcəyi oyunla əlaqədar Ağdam klubunun yerli liqada “Səbail”lə ilk görüşünün təxirə salınması məsələsi gündəmə gəlib. Məsələ burasındadır ki, avqustun 3-də “Qarabağ” “Ferentsvaroş”la evdə, avqustun 9-da isə səfərdə qarşılaşacaq. Avqustun 6-da isə Qurban Qurbanovun komandası öz meydanında “Səbail”lə qarşılaşmalıdır.

Komandanın 1 həftə ərzində ağır qrafikinə baxmayaraq, baş məşqçi Qurban Qurbanov PFL-ə müraciət etməmək qərarı verib və yerli liqanın ilk matçını təxirə salınmamasını istəyib.

Beləliklə, “Qarabağ”la “Səbail” avqustun 6-da yeni mövsümün ilk turunda üz-üzə gələcək. Görüşün başlama saatı hələlik təsdiqlənməyib.