11.09.2026 - 12:00
Ölkə 14 baxış

BakuBus avtobuslarında yeni sistem çaşqınlıq yaradır

Bakı şəhərində M2 nömrəli ekspres marşrut xəttində (m/s “İnşaatçılar” – “Nizami” – “28 May”) tətbiq olunan yeni sistem sərnişinlər və sürücülər arasında müəyyən çətinliklərə səbəb olub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişin axınını sürətləndirmək və dayanacaqlarda vaxt itkisini azaltmaq məqsədilə M2 avtobuslarının orta qapılarına əlavə validatorlar quraşdırıb. Bu yenilik sərnişinlərin yalnız ön deyil, həm də orta qapıdan avtobusa minərək kartlarını oxutmalarına imkan verir.

Minval.info xəbər verir ki, bu yeniliyin tətbiqi zamanı müəyyən problemlər ortaya çıxıb. Belə ki, səhər saatlarında “İnşaatçılar” stansiyasından yola düşən avtobusa “Nizami” stansiyasında orta qapıdan minən bir sərnişin kartını oradakı validatora oxudub. Ödənişin təsdiqini bildirən siqnal səslənsə də, sürücü sərnişindən ön qapıya yaxınlaşaraq kartını yenidən oradakı cihazda oxutmağı tələb edib. Sürücü bunu orta qapıya nəzarət edə bilmədiyi və orada nəzarət üçün başqa bir adamın olmalı olduğu ilə əsaslandırıb, beləliklə mübahisə yaranıb.

“BakuBus” MMC-dən verilən açıqlamada bildirilib ki, M2 nömrəli ekspres marşrut xəttində sərnişinlərin avtobusa minmə prosesinin sürətləndirilməsi, dayanacaqlarda gözləmə müddətinin minimuma endirilməsi və sərnişin axınının daha operativ idarə olunması məqsədilə avtobuslarda əlavə validatorlar quraşdırılıb. Sürücülər bu yeniliklə bağlı əvvəlcədən məlumatlandırılıb və müvafiq təlimatlar onların diqqətinə çatdırılıb. Prosesin düzgün təşkili ilə bağlı müvafiq təlimatlar sürücülərin diqqətinə bir daha çatdırılacaq. Eyni zamanda, sərnişin axınının intensiv olduğu məntəqələrdə prosesin tənzimlənməsi və sərnişinlərin istiqamətləndirilməsi məqsədilə nəzarətçilər fəaliyyət göstərir. Yeni sistemin səmərəli fəaliyyəti eyni zamanda sərnişinlərin məsuliyyətli yanaşmasını tələb edir. Sərnişinlərdən avtobusa daxil olarkən istifadə etdikləri qapıdan asılı olmayaraq gediş haqqını müvafiq validator vasitəsilə ödəmələri xahiş olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: