28.01.2019 - 08:57
Hadisə 2 baxış

Müavinin intiharına görə əri həbs edilib: xəyanət, amansız rəftar ... - Təfərrüat

Həyat yoldaşının intihar etməsinə görə həbs edilən şəxs hakim önünə çıxarılıb. O, günahsız olduğunu bildirib və azadlığa buraxılmasını istəyib.

Minval.info xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin hökmü ilə 1982-ci il təvəllüdlü Ağalarov Rüfət Məsud oğlu Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən Rüfət Ağalarov rəsmi nikahda olduğu, ondan maddi cəhətdən asılı olan arvadı Nərmin Ağalarova qarşı mütəmadi olaraq amansız rəftar etməklə onu döyüb, həmçinin ləyaqətini alçaltmaqla və hədə-qorxu gəlməklə zərərçəkmiş şəxsi özünü öldürmə həddinə çatdırıb.

Belə ki, o, rəsmi nikahda olduğu arvadının evli olduqları 2008-ci ildən etibarən mənəviyyatdan kənar olaraq dəfələrlə xəyanət etməklə, habelə qeyri-rəsmi yaşadığı və sevgili münasibətində olduğu Lətifə Sultanova ilə bir evdə yaşamağa məcbur edib.

Bundan başqa Nərmin Ağalarovanın valideynləri ilə görüşməsinə icazə verməyib, daim mənəvi-psixoloji təyziq altında saxlayıb, mülkiyyətində olan evdən çıxaracağı ilə hədələyib.

İtihamda göstərilir ki, mərhumun intihar etməsinə səbəb olan sonuncu hadisə isə 2018-ci ilin aprel ayında baş verib. Belə ki, mərhumun qardaşı Misir Kərimov Rüfət Ağalarovu başqa qadınla- Lətifə Sultanova ilə birlikdə görüb. Bundan sonra Rüfət Ağalarov arvadı Nərmini işdən evə çağıraraq döyməyə başlayıb və qardaşını da öldürəcəyini bildirib.

Bu hadisədən bir neçə dəqiqə sonra Nərmin Ağalarova yaşadığı Xırdalan şəhəri F.Əhmədov küçəsi 1A ünvanında yerləşən evində intihar edib.

Qeyd edək ki, N.Ağalarova Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib. Mərhumun 2 azyaşlı övladı var.

Hökmdən məhkumun müdafiəçisi narazı qalaraq apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baxılıb.

Rüfət Ağalarovun vəkili müdafiə çıxışında bildirib ki, mərhumun intihar etməsinə səbəb öz ailə üzvləri ilə münasibətləri olub.

Müdafiəçinin sözlərinə görə, mərhumun atası və qardaşı onun ailə məsələlərinə tez-tez müdaxilə edirmiş. Anası mərhumun adına kredit götürsə də vaxtında ödəməyib.

“Mərhum işlədiyi müəssisədə təhsil haqlarından həmin kredit borclarını ödəyib. Kollektiv ona hörmət olaraq həmin məbləği toplayaraq yerinə qoyub. Məhkəmə qərəzli olub. Mərhumun intihar səbəbi düzgün araşdırılmayıb. Rüfət Ağalarovun ailə üzvləri instintaqda şahid kimi dindirilsə də məhkəməyə dəvət edilməyib. İttihamda o da göstərilir ki, guya mərhum əri ilə Lətifənin sevgi münasibətlərindən xəbər tutduğu üçün intihar edib. Əksinə, Nərmin və Lətifənin telefon danışıqları var. Nərmin bu münasibətdən xəbər tutanda çox normal reaksiya verib və hətta lətifə ilə telefonda danışıb. Lətifə Rüfətdən Nərminə, Nərmin də Rüfətdən lətifəyə şikayətlər edirmiş. Amma istintaq orqanı qərəzli olaraq bunu mərhumun intihar səbəbi kimi göstərib. Mərhum atası və qardaşı ilə dəfələrlə mübahisə edib və hətta daha əvvəl də intihara cəhd edib”- deyən vəkil müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Birinci instansiya məhkəməsində şahid qismində dindirilən mərhumun anası Ulduz Kərimova qızının işgəncə gördüyünü söyləyib.

Qeyd edib ki, Rüfət Ağalarov xaricdə yaşamaq istədiyini deyib əvvəlcə Almaniyaya köçmək istəyib. Lakin sənədləşmə məsələsində problemlər çıxdığından Rusiyaya köçərək 2 il orada yaşadıqdan sonra Bakıya qayıdıblar.

“Rüfət Lətifə adlı qızla sevgi münasibətində idi. Qızıma zülm edirdi, döyürdü, üstünə ikinci arvad gətirmək istəyirdi.”- deyə mərhumun anası bildirib.

İbtidai istintaqda şahid qismində dindirilən Lətifə Sultanovanın da intihara cəhd etdiyi məlum olub.

Lətifə Sultanova ifadəsində həbs edilən Rüfət Ağalarovla sevgi münasibətlərinin olduğunu təsdiq edib. Söyləyib ki, hadisədən bir müddət əvvəl mərhum Nərminin qardaşı Misir onu və Rüfət ilə birlikdə olan zaman görüb.

Buna görə də aralarında mübahisə olub: “Misir siqnal verərək bizim olduğumuz maşına yaxınlaşdı. Avtomobildən düşüb Rüfətə “əxlaqsızdan əl çəkə bilmədin?” dedi. Rüfət məni işə yola salandan sonra Misirlə görüşə gedəcəyini dedi. Mənə vatsapda yazdı ki, gör onların başına nə oyun açacam, gör onlara necə od qoyacam. Misiri güllələyəcəyini yazdı. Rüfət Nərmini evə çağırıb onunla nöqtəni qoyacağını söylədi. Onu sakitləşməyə, heç nə etməməyə çağırdım. Axşam Rüfət mənə Nərminin intihar etdiyini yazdı. Mən də dərman içdim. Ayılanda xəstəxanada olduğumu gördüm”.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərarı elan edib. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işi düzgün araşdırdığı qənatinə gəlib və hökmü qüvvədə saxlayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: