Professor Oqtay Nüsrətov vəfat edib

Tanınmış alim, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Oqtay Qüdrət oğlu Nüsrətov vəfat edib.
Minval.info “report”a istinadən xəbər verir ki, o, 81 yaşında dünyasını dəyişib.
Oqtay Qüdrət oğlu Nüsrətov 26 iyul 1941-ci ildə Bakı şəhərində anadan olub. O, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib, 1964-1975-ci illərdə Azərbaycan EA Kibernetika institutunda laborant, baş laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, 1975-1978-ci illərdə İnstitutun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində baş konstruktor, laboratoriya müdiri, 1978-1982-ci illərdə İnstitutun nəzdində yaradılmış XKB-da baş mühəndisi, 1982-1988-ci illərdə XKB-nun direktoru və 1988-ci ildən 2019-cu ilə kimi İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, həmçinin “Siqnalların tanınması üsulları və texniki diaqnostika sistemləri” laboratoriyasının rəhbəri vəzifələrində çalışıb.
O, 1975-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1993-cü ildə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə baş elmi işçi, 2005-ci ildən texnika elmləri doktoru və 2011-ci ildən professor idi.
O.Nüsrətov informasiya texnologiyaları və sistemləri istiqamətində tanınmış alim və yüksək səviyyəli mütəxəssis idi. Onun elmi nəticələri əsasında və birbaşa rəhbərliyi ilə institutun Xüsusi Konstruktor Bürosunda bir sıra informasiya, nəzarət və diaqnostika sistemləri yaradılmış və keçmiş SSRİ-nin müdafiə əhəmiyyətli müəssisələrində və “Krasnodarneft”, “Çernomorneft” və b. neft-qazçıxarma idarələrində tətbiq edilib.
O, 2009-cu ildə informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə, 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Alim 138 elmi əsərin, onlardan 29 patent olmaqla müəllifi idi.
O.Nüsrətov 2001-2019-cu illərdə institutun nəzdində fəaliyyət göstərən D 01.121 dissertasiya şurasının seminarının sədri, 2006-2019-cu illərdə şuranın üzvü, 2009-2019-cu illərdə şuranın sədr müavini və 2019-cu ildən isə ED 1-20 dissertasiya şurasının sədri olub.
O.Nüsrətov elmi işi ilə yanaşı elmi-pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Texniki Universitetinin “İnformasya texnologiyaları və proqramlaşdırma” və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnformasiya texnologiyaları və sistemləri” kafedralarında professor vəzifəsində işləyib.
O, çoxlu sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış edərək Azərbaycan elmini təmsil edib.
Allah rəhmət eləsin!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda avtoxuliqan polisi vurdu
Abşeronda avtomobildən 6 200 manat pul oğurlanıb
Leş ət satan “At Elçin”in saxlanılma görüntüləri - VİDEO
Evdə karantin qaydalarını pozanlar saxlanıldı
Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfərin məhkəməsi başlayır
"Çanaqqala" restoranında kütləvi dava - VİDEO
Abşeronda həyəcan təbili - FOTO