Mətanət Qarayevanın çox sayda dərman içərək özünü zəhərləməsi barədə əsas iki versiya var

İyunun 22-də Gəncədə məktəb direktorunun intihara cəhd etməsi haqda məlumat yayılıb. Məlumata görə, Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva çox sayda dərman içərək özünü zəhərləyib. Hazırda direktorun Gəncədə yerləşən xəstəxanalardan birində müalicə aldığı bildirilir. Onun hansı səbəbdən intihara cəhd etməsinin səbəbi məlum deyil.

Bəs məktəb direktorunu hansı səbəblər intihar cəhdinə gətirib çıxara bilər? Bu cür addımından sonra onun direktor fəaliyyətinə xitam veriləcəkmi, yoxsa?..

İlk öncə xatırladaq ki, Gəncədəki İsmət Qayıbov adına 1 saylı məktəb şəhərin ən qədim və ilk məktəbidir. Əsası 1833-cü ildə Mirzə Şəfi Vazeh tərəfindən qoyulan məktəbdə müxtəlif zamanlarda bir sıra tanınmış ziyalılar təhsil alıb və çalışıblar. Mirzə Fətəli Axundov təhsil müəssisəsinin ilk şagirdlərindəndir. Fikrət Əmirov və  Mirəli Qaşqay bu məktəbin tanınmış məzunları sırasındadır.

Səməd Vurğun, Hüseyn Cavid, Yusif Məmmədəliyev, Həmid Araslı, Məmmədzadə Abdulla Şur və Əli Nəzmi kimi şəxslər bu orta təhsil müəssisəsində çalışıb. Hətta Əli Nəzmi, Mir Cəlal Paşayev  (1929-39-cu illərdə) məktəbdə direktor vəzifəsində çalışıblar.

1992-ci ildə məktəbə zamanında onun məzunu olmuş sabiq baş prokuror İsmət Qayıbovun adı verilib. Yəni həmin ildən etibarən, təhsil ocağı Gəncə şəhər İsmət Qayıbov adına  1 nömrəli tam orta məktəb adlanır.

Mətanət  Qarayeva isə artıq bir neçə ildir ki, məktəbə rəhbərlik edir. Onun hansı səbəbdən intihara cəhd etməsinə gəldikdə, bu barədə müxtəlif iddialar mövcuddur. Gəncə ictimaiyyətində yayılan iddialara görə, adıçəkilən məktəbdə ciddi nöqsanlar mövcuddur, bununla bağlı  yaxın günlərdə monitorinq aparılacaq. İşindəki nöqsanların ortaya çıxacağının təlaşı ilə direktor intihara cəhd edib.  Hurriyyet.az saytının yazdığı ehtimala görə, M.Qarayevanın canına qəsd etmək istəməsinə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə arasında yaranan mübahisə səbəb olub. Mənbə iddia edir ki, uzun müddətdir Mətanət Qarayevanı öz ərizəsi ilə istefaya göndərmək istəyən A.Qədiməliyev bu niyyəti baş tutmadığı üçün direktora zəng vuraraq onu təhqir edib. Təhsil İdarəsinin müdirinin bu hərəkətindən əsəbiləşən M.Qarayeva iş otağındaca çoxlu sayda dərman içərək, öz həyatına qəsd etmək istəyib.

Xəbərlər - Gəncə Şəhər Təhsil İdarəsi

Anar Qədiməliyev

Məsələ ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin mövqeyini öyrənməyə çalışsaq da, çox sayda telefon zənglərimiz cavabsız qaldı.

Gəncə Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Raminə Məmmədova isə sorğumuza bu cür cavab verdi: “Mətanət Qarayeva, sadəcə, sakitləşdirici dərman qəbul edib, bundan sonra halı pisləşib, xəstəxanaya yerləşdirilib. Ola bilsin ki, dərmandan çox istifadə edib. Yəni bu, intihara cəhd deyil və Gəncə Şəhər Təhsil İdarəsi ilə heç bir əlaqəsi yoxdur. O ki qaldı yaxın günlərdə həmin məktəbdə aparılacaq monitorinqə, məlumat üçün bildirim ki, bu monitorinqlər mütəmadi olaraq keçirilir”.

“Mətanət Qarayeva bu hadisədən sonra yenə də direktor vəzifəsinə davam edəcəkmi?” sualımıza isə qurum əməkdaşı bu cür cavab verdi: “İndiki hal üçün bu barədə dəqiq məlumat deyə bilməyəcəyik. Proseslərdən sonra məsələ bəlli olacaq”.

Həmişə demişəm ki, təhsil eksperti deyiləm, bu iddiam da olmayıb” – Kamran Əsədov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, qanuna əsasən, intihara cəhd edən məktəb direktorunun fəaliyyətinə xitam verilməlidir:

“2013-cü ildən sonra orta təhsil məktəblərin direktor vəzifəsinə təyinatda yeni  bir mərhələ başlayıb. Təhsil Nazirliyi maksimum çalışır ki, proses şəffaf olsun. Amma biz nəyi  görürük? Uzun illər direktor vəzifəsində çalışanlar ciddi şəkildə nöqsanlara yol veriblər. Məsələn, nəzərdə tutulmuş işçi heyəti işdə olmur, onlar  xarici ölkələrdə olurlar və yaxud ümumiyyətlə işdən xəbərləri olmur, onların maaş kartları isə direktorun cibində olur. Və yaxud  şagird məktəbə gəlmir, amma adı rəsmi olaraq məktəbdə gedir. Həmçinin çox sayda belə bir faktlara rast gəlinib ki, hər hansı alqı-satı məsələsində şişirdilmiş rəqəmlər verilib. Bütün bunlar artıq bir çox məktəblərdə adi hala çevrilib. Gəncədəki hadisə də onu göstərir ki, ya nazirlik, ya da regional təhsil idarəsi orada yoxlamalar aparıb və yaxud yoxlamalara başlamaq ərəfəsində imiş. Beləliklə, məktəbdə çox ciddi nöqsanlar olduğu direktora məlum imiş və güman ki, buna görə intihar yolunu seçib. Adətən araşdırmalardan sonra nöqsanlar üzə çıxanda Əmək Məcəlləsinin müvafiq bəndi əsas gətirilərək, həmin məktəb direktorları işdən azad olunub. Əlbəttə ki, insan həyatı çox önəmlidir. Amma hər kəs bilməlidir ki, peşə fəaliyyəti zamanı törətdiyi qanun pozuntusu əməllərinə görə cavab verəcəklər.

Məlum olduğu kimi, hər il dövlət büdcəsindən təhsilə böyük pul ayrılır. Ciddi araşdırma aparılsa, burada nə qədər böyük yeyinti olduğu üzə çıxar. Məsələn, təhsilə ayrılan qrant layihələr, məktəbin tikinti-təmiri üçün ayrılan vəsaitlər, təhsil ləvazimatları və sairə var. Yəni çox böyük məbləğdə vəsaitlər, ləvazimatlar oğurlanır. Burada təkcə direktorun deyil, həm də təhsil idarələrinin də payı olur. Əmək Məcəlləsinin tələbləri, həmçinin 2014-cü ildə qəbul edilmiş müəyyən davranış qaydalarına görə təhsil sahəsində çalışan  şəxslər öz hərəkətləri ilə nümunəvi olmalıdır. Görünür ki, intihara cəhd edən məktəb direktorunun psixoloji vəziyyəti yerində deyil, özünü  idarəetmə ilə bağlı çətinlik çəkir. Beləliklə, Əmək Məcəlləsinin 60-70-72-ci maddələrinə əsasən həmin məktəb direktoru sağlamlığına qovuşduqdan sonra ilk olaraq onun vəzifəsindən azad olunması ilə bağlı əmr imzalanacaq”.