Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Aytən Məmmədova yaşadığı binanın liftində bıçaqlı hücuma məruz qalıb. Lakin nə ona hücum edən, nə də bir neçə gün əvvəl ictimai fəal Bəxtiyar Hacıyevi girov götürüb ona qarşı zorakılıq törədənlər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmayıb.

A. Məmmədova hücum edən şəxsin onu azyaşlı övladı ilə hədələdiyini bildirib. B. Hacıyev də girov götürənlərin onu ölümlə hədələdiyini deyib. Sözügedən cinayətkarların hələ də saxlanılmaması, jurnalistin və ictimai fəalın, həmçinin onların ailə üzvlərinin həyatları üçün təhlükənin olduğunu deməyə əsas verir.

Bəs görəsən bu məsələ ilə bağlı hüquq mühafizə orqanları hər hansı tədbir görürmü?

Məsələ ilə bağlı Yeniavaz.com-un sorğusunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev cavablandırıb.
O bildirib ki, sözügedən şəxslərin təhlükəsizliyi ilə bağlı tədbirlər görülür. O bu barədə təfərrüatları açıqlaya bilməyəcəyini deyib:

“Hər iki halla bağlı aidiyyəti üzrə, aidiyyəti idarələrdə cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Hazırda cinayət işi çərçivəsində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Həmin şəxslərin təhlükəsizlik məsələləri ilə bağlı müvafiq olaraq tədbirlər də diqqət mərkəzində saxlanılır. Onların təhlükəsizliyinin təmin olunması ilə bağlı müvafiq istintaq tapşırıqları verilmişdir”.

Qeyd edək ki, A. Məmmədovaya qarşı edilən bıçaqlı hücumun onun mütəmadi olaraq işıqlandırdığı və araşdırdığı Nərmin Quliyeva qətli ilə bağlı olduğu bildirir. Jurnalist bildirib ki, daha əvvəl də sözügedən cinayət işinin məhkəmə proseslərini yazdığı üçün telefonla təhdid edilib.