02.11.2026 - 13:54
Evdə biri qripə yoluxubsa, digərləri necə qorunsun?
Səhiyyə 124 baxış

Evdə biri qripə yoluxubsa, digərləri necə qorunsun?

Ailənin bir üzvü qripə yoluxduqda, digərlərinin də virusa yoluxma riskini azaltmaq üçün müəyyən qoruyucu tədbirlər vacibdir. Xəstə ilə yaxın təmasın məhdudlaşdırılması, əllərin tez-tez yuyulması, evin havalandırılması və dezinfeksiya qaydalarına əməl edilməsi yoluxmanın qarşısını almağa kömək edir.

Publika.az xəbər verir ki, bunu ümumi praktika həkimi Azamat Jambeyev “RİA Novosti”yə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, qrip virusunun ötürülmə riski xüsusilə xəstəliyin əlamətləri üzə çıxdıqdan sonra ilk sutkada yüksək olur. Buna görə də qoruyucu tədbirlərə dərhal başlamaq lazımdır.

Mütəxəssis ilk növbədə xəstə ilə yaxın təmasın azaldılmasını və ən azı bir metr məsafə saxlanılmasını tövsiyə edir. Xəstə ümumi istifadə olunan otaqlara çıxarkən tibbi maska taxmalı, öskürərkən və asqırarkən ağzını, burnunu salfet və ya dirsəyinin iç tərəfi ilə örtməlidir. İstifadə edilmiş salfet isə dərhal atılmalıdır.

Həkim mənzilin hər iki saatdan bir havalandırılmasını məsləhət görür. Onun sözlərinə görə, qapalı məkanlarda virus hissəciklərinin konsentrasiyası artır, təmiz hava isə bunu azaltmağa kömək edir.

Bundan başqa, evdə temperatur və rütubət səviyyəsinə də diqqət yetirilməlidir. Optimal rütubət 40-60 faiz, temperatur isə 18-22 dərəcə olmalıdır.

Jambeyev qrip virusunun yayılmasının qarşısını almaq üçün əllərin ən azı 20 saniyə sabunla yuyulmasını və ya spirt tərkibli antiseptiklə təmizlənməsini vacib sayır. Bu, xüsusilə xəstə şəxslə və onun əşyaları ilə təmasdan əvvəl və sonra edilməlidir.

Həkim, həmçinin qapı tutacaqlarının, elektrik açarlarının, masaların, telefonların və pultların gündə ən azı iki dəfə dezinfeksiya edilməsini tövsiyə edir. Mütəxəssisin sözlərinə görə, qripdən qorunmağın ən effektiv yollarından biri də peyvənddir. Peyvənddən sonra orqanizmdə anticisimlər təxminən iki həftə ərzində formalaşır. Buna görə də qrip mövsümü başlamazdan əvvəl vaksinasiya olunmaq daha məqsədəuyğundur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: