28.10.2026 - 15:44
Paket çaylarda təhlükə: bir fincanda 2500 mikroplastik hissəcik aşkarlandı
Səhiyyə 214 baxış

Paket çaylarda təhlükə: bir fincanda 2500 mikroplastik hissəcik aşkarlandı

Publika.az-ın məlumatına görə, plastik çay paketləri qaynar suda dəmləndikdə içkiyə minlərlə mikroplastik hissəcik və potensial zərərli kimyəvi maddələr buraxa bilər.

Araşdırmanın nəticələri “npj Science of Food” elmi jurnalında dərc edilib. Alimlər dörd markanın plastik paketlərdə satılan çaylarını araşdıraraq nəticələri yarpaq çayı ilə müqayisə ediblər. Çay nümunələri təxminən 95 dərəcə temperaturda üç dəqiqə dəmləndikdən sonra analiz olunub.

Məlum olub ki, plastik paketdə dəmlənən bir fincan çayın tərkibində 555-dən 2498-ə qədər mikroplastik hissəcik ola bilər. Bu hissəciklər paketlərin hazırlanmasında istifadə olunan poliamid liflərindən ibarətdir. Tədqiqatçılar yalnız 100 mikrometrdən böyük hissəcikləri hesabladıqları üçün daha kiçik hissəciklər diqqətdən kənarda qala bilər.

Bundan başqa, araşdırılan dörd nümunənin hamısında bisfenol A və plastifikatorlar aşkarlanıb. Bu maddələrin bəziləri hormonal sistemə təsir göstərə bilər. Çay vasitəsilə orqanizmə daxil olan bisfenol A-nın hesablanmış miqdarı Avropa Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi gündəlik yol verilən həddin 21,7 faizinə çatıb.

Yarpaq çayında da mikroplastik aşkar edilsə də, onun miqdarı xeyli aşağı olub. İki qram quru çay yarpağında təxminən 0,3-2,4 mikroplastik hissəcik qeydə alınıb.

Tədqiqat müəllifləri vurğulayıblar ki, nəticələr plastik paketlərdə dəmlənən çayın insan sağlamlığına zərər verdiyini sübut etmir. Lakin, mikroplastik və kimyəvi maddələrlə təması azaltmaq üçün yarpaq çayına üstünlük vermək, onu metal və ya keramika dəmləyicilərlə hazırlamaq tövsiyə olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: