Xalq artisti Afaq Bəşirqızı “Elgizlə izlə” proqramına zəng edərək ötən gün dünyasını dəyişən həmkarı Ramiz Əzizbəyli ilə bağlı xatirələrini bölüşüb.

Axşam.az xəbər verir ki, bir müddət əvvəl aralarında qalmaqal yaşanan aktyorlar küsülü idi. A.Bəşirqızı bildirib ki, R.Əzizbəylinin yas mərasiminə getmək istəsə də, sonradan fikrini dəyişib. Aktrisa R.Əzizbəylinin “Bəxt üzüyü” filmindən söz açıb:

“Bir yerdə işlədik, tarixi film yaratdıq. Əsl komediyanı və tragikomediyanı yaratdıq. Vaqif Səmədoğluna Allah rəhmət eləsin ki, bu pyesi yazdı. Ramizə təşəkkür edirəm ki, bu filmi çəkdik və xalq üçün qaldı. Ramiz qısa müddətdə məşhurlaşdı, xalqın sevimlisinə çevrildi. Çox sevirdi şöhrəti. İstəyirdi onu yadda saxlasınlar. Ramiz kinostudiyada can qoymuşdu: mozalan, dublyaj, filmlərdə epizotik rollar. “Bəxt üzüyü” onun Allah tərəfindən vergisi, şöhrəti oldu. Zəhmətlə yaranan filmdir. Yayın istisində, quraqlıqda çəkildi.

Bilirəm ki, məqsədin nədir. Ona qarşı hörmətsizlik etməmişəm. Sizə deyim ki, o məndən addım gözləyirdi. Barışıq istəyirdi. O, kin saxlaya biləcək adam deyildi. Mənim Heydər Əliyev Sarayında 3 saatlıq konsertimi təmənnasız apardı. Artıq “Bəxt üzüyü” çəkilmişdi, işimiz qalmamışdı. Buna baxmayaraq, gəldi və apardı. Heç vaxt yaddan çıxarmaram.

Utansın o kəslər ki, ona yalan sualı verib. Onun əsəbi halına gəldilər. Əgər bizim münasibətimiz yaxşı olsaydı, indi Ramiz iki film çəkmişdi. “Varlı qadın”ı çəkmək istəyirdi. Hələ “Bəxt üzüyü”ü çəkiləndə mənimlə danışmışdı. Mən onun yanında olsaydım, o filmi çəkəcəydik. Oldu, keçdi. Halal xoşu olsun. Ən azından o filmi çəkərkən kəsdiyim o çörək, bulki naminə heç vaxt onu pis görməmişəm. Allah o dünyasını versin. Tarixlərdə, yaddaşlarda, ürəklərdə qaldı. Hər zaman “Bəxt üzüyü” göstəriləndə onun adını çəkəcəyik.

Çox istədim gəlim yas yerinə, amma olmaz, bacarmadım. İstedadlı bir insan kimi getdi bu dünyadan. İnsanlara demək istəyirəm ki, hansısa hərəkəti etmək istəyəndə axmaq şöhrəti yox, insan taleyini fikirləşin. Burdan bir Ramiz keçdi”.

Qeyd edək ki, hər iki sənətkarın bir-birinə düşmən kəsilməsinə səbəb 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə lentə alınan “Bəxt üzüyü” filmi olub. Ekran əsərində baş rolu ifa edən Afaq Bəşirqızının “Bəxt üzüyü” mənə görə baxılır” deməsi tərəfləri üz-üzə qoyub, onlar arasında qalmaqal yaşanıb. Qəzəblənən Ramiz Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham etmişdi.