Xalq artisti Canəli Əkbərov bu gün son mənzilə yola salınıb.

Minval.info xəbər verir ki, Canəli Əkbərovla evinin önündə vida mərasimi keçirilib. Xalq artistini son mənzilə yola salmağa sənət dostları, sevənləri və ailə üzvləri qatılıb.

Əməkdar artist Yusif Mustafayev Xalq artisti haqqında danışıb: “Hamımız bir-birimizin yanında olmalıyıq. Allah Canəli Əkbərova rəhmət etsin. Valideynlərim rəhmətə gedəndə Cəlilabad rayonuna gəldi, o, bizim ağsaqqalımız və ustadımız olub. Həyatda əsl hacı olub, haqqın yolu ilə gedib. Biz onun getdiyi yolu davam etməliyik. Ölümünü gecə eşitdim. Rəhmətlik Baloğlan Əşrəfov ilə xəstəxanada ziyarət etmişdik. Son zamanlar səhhəti pisləşdi, evinə pandemiyaya görə gedə bilmədik. Mütəmadi olaraq qardaşı ilə əlaqə saxlayırdım. Oğlunun, qızının ölümündən sonra çökdü. Valideynə bundan böyük dərd ola bilməz. Həyatda hamıya nümunə idi”.

Xalq artisti Canəli Əkbərovun tələbəsi, əməkdar artist Babək Niftəliyev isə mərhumun sevimli xanəndə olduğundan danışıb: “Mənim üzərimdə 4 il zəhməti olub. Bildiyiniz kimi, opera sənətində də böyük xidmətləri olub. Neçə illər “Leyli və Məcnun”u, “Şah İsmayıl”ı böyük əzmkarlıqla oxuyub”.

B.Nifətliyev deyib ki, hazırda da “Şah İsmayıl Xətai” əsəri səhnəyə qoyulanda Canəli Əkbərovdan çox şeylər öyrənilir: “Ustad xanəndə kimi hər kəsin hörmətini qazanıb. Gözəl ailə başçısı idi. Allah yaxınlarına, doğmalarına səbir versin. 2003-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olanda məni Canəli müəllimin sinfinə verdilər. Böyük həvəslə Canəli müəllimin verdiyi tapşırıqları, muğamları, xalq mahnılarını, bəstəkar mahnılarını çalışdığım qədər mənimsədim. Fəxr edirəm ki, onun tələbəsi olmuşam”.

B.Niftəliyev bildirib ki, Canəli Əkbərovun səhhətində problemlər olan zaman onu tez-tez ziyarət edib: “Onun üçün oxuyurdum, ürəyi açılırdı. Son iki ayda zənglərimiz olub. Pandemiya ilə bağlı yanına gələ bilmirdim. Qızı Sevinc xanımla əlaqə saxlayırdım. Sonuncu dəfə də müəllim-tələbə kimi danışığımız olub. Səsimə qulluq etməyimi tapşırdı. Uğurlarıma sevinirdi. Efirdə görəndə zəng edib öyüd, nəsiyyət verirdi”.

Xalq artisti Canəli Əkbərovun qardaşı Tərlan Əkbərov onun son sözünü açıqlayıb. Tərlan Əkbərov Musavat.com-a açıqlamasında deyib ki, Canəli Əkbərov Şuşaya getməyi arzulayıb: “Canəli Əkbərov sənətdə hər zaman düzgün muğam ifa etməyin tərəfdarı olub və sağlam mübarizə aparıb. Həmişə dövlətim mədəniyyət siyasətini dəstəkləyib.

Onun vəfatı ilə muğam sənətinin möhtəşəm sütunlarından biri çökdü. Bu gün Azərbaycan xalqı böyük sənətkarını, ailəsi isə ağsaqqalını itirdi.

Beyin insultu ilə əlaqədar müalicə olunurdu. Ölkəmizin Birinci xanımı Mehriban Əliyevanı şəxsi göstərişi ilə ailəsi ilə mütəmadi əlaqə saxlanılırdı.

Son sözü o idi ki, Azərbaycanın fəxarətli günləridir. Gözəl Qarabağımız azad edildi, Şuşaya getmək istəyirdi. Deyirdi ki, səsim İsa bulağında, o yaylaqlarda qalıb.  Xan Şuşinskinin vaxtında tez-tez Şuşaya gedirdi. Həyatda dürüst və təmiz insan idi. Sənət adamlarının böyük əksəriyyəti onu ziyarət edirdi”.

Xalq artisti alqışların sədaları altımda son mənzilə yola salınıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq artisti Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib.

Qeyd edək ki, iki gün əvvəl beyin insultu keçirmişdi. Bir neçə gün öncə yenidən vəziyyəti pisləşmişdi.

Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub.

Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Nərmin

Minval.info