Azərbaycanda 8-ci sinif şagirdinin 38 yaşlı kişi ilə nişanlanması xəbərinə rəsmi şəkildə reaksiya verilib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məsələ artıq nəzarətə götürülüb. Araşdırmalardan sonra qanun çərçivəsində tədbir görüləcək və ictimaiyyətə məlumat veriləcək.

***

Azərbaycanda daha bir şok hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində Lənkəran şəhərində 14 yaşlı qızın 38 yaşlı kişiyə nişanlandığını yazıb.

O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub:

“14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur”.

O əlavə edib ki, qız özündən 24 yaş böyük nişanlısı ilə Rusiyada yaşayacaq:

“Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq”.