Kütləvi informasiya vasitələrinin həyatımızdakı rolu danılmaz faktdır. İndi qəzetsiz, televiziyasız, internetsiz həyatımızı təsəvvür edə bilmirik.

Minval.info musavat.com-a istinadən cəmiyyətin media sahəsinə marağını nəzərə alaraq oxuculara kütləvi informasiya vasitələri haqqında çoxlarımızın bilmədiyi maraqlı faktları təqdim edir.

1930-cu ilin aprelin 18-də “BBC-“nin diktoru efirə qeyri-adi xəbərlə çıxıb:

“Bu günkü xəbər proqramında sizlərə ilk xəbərimiz odur ki, heç bir yeni xəbər yoxdur”. Xəbərlərin yerinə fortepiano musiqisi səsləndirilib.

1973-cü ildə tanınmış amerikalı teleaparıcısı Coni Karson öz şou proqramında kiçik bir zarafatı ilə ölkə sakinlərini xeyli xərcə salıb. Belə ki, teleaparıcı verlişdə zarafatla qeyd edib ki, ölkədə tualet kağızlarının istehsalında böhran vəziyyətidir və artıq maqazalarda da defisitə çevrilib. Tamaşaçılar aparıcının fikrini ciddi qəbul ediblər. Səhərisi gün Coni Karson bu zarafatına görə üzr istəsə də, artıq gec olub. Çünki bütün mağazalardan tualet kağızlarının hamısı alınıb.

Mətbuat tarixində ən maraqlı faktlardan biri də bir qəzetin dörd ildə 42 dəfə adının dəyişməsi olub. 1898-ci ildən nəşrə başlayan “Şimal diyarı” qəzeti hakimiyyətə qarşı müntəzəm tənqidi çıxışlarına görə 1905-ci ildə bağlanıb. Başqa çıxış yolu tapmayan redaksiya kollektivi qəzetin adını dəyişməyə məcbur olub. Beləliklə dörd il ərzində qəzetin adı “Şimal” sözü saxlanmaqla 42 dəfə dəyişdirilib.

1938-ci ildə “Taym” jurnalı Hitleri “İlin adamı” elan edib. Nəşrin tarixində ilk dəfə olaraq ilin adamı elan edilmiş şəxsin şəkli jurnalın üz qabığına verilməyib.

London hərracında “Boston qlob” qəzetinin 12 aprel 1912-ci il tarixli buraxılışının bir nüsxəsi 304 dollara satılıb. Qəzetin həmin sayında “Titanik”lə bağlı ilk məlumat yerləşdirilib.

Kağız qıtlığı ucbatından 1921-ci il mayın 17-də “İzvestiya” qəzeti kətanda çap olunub və qəzetdə belə bir müraciət yayılıb: “Qəzetləri qoruyun. Onlar çox məhduddur. Oxuduqdan sonra başqasına verməyi unutmayın”.

Dünyada qadınlar üçün ilk qəzet “Frauentsinmer Tsaytunq” 1798-ci ildə Almaniyada nəşr olunmağa başlayıb.

Qəzet sözü ilk dəfə 16-cı əsrdə İtaliyada meydana gəlib. Belə ki, həmin dövrdə gündəlik çıxan xəbərlər vərəqəsinin qiyməti İtaliyanın ən kiçik sikkəsi olan 1 “qazeta”ya satılıb və bu ad da o vaxtdan qalıb.

İlk dəfə oxucu məktubu 1786-cı ildə Almaniyada nəşr olunan qəzetlərin birində çap olunub. Sonradan məlum olub ki, oxucu elə həmin qəzetin əməkdaşıdır. Ancaq buna baxmayaraq, bu hadisədən sonra oxucu məktublarının qəzet səhifələrində çap edilməsi kütləviləşib.

İlk qəzet reklamı 1657-ci ildə İngiltərə nəşrlərinin birində çap olunub. İlk özəl qəzet elanı isə İkinci Kralın itinin axtarışı ilə bağlı olub.

İlk ödənişli televiziya reklamı isə 1 iyul 1941-ci ildə Amerika Birləşmiş Ştatlarında təqdim olunub. Amerika televiziyası 10 saniyəlik çarxda “Bulova Watch Company” şirkətinə məxsus saatları reklam edib. Şirkət sahibinə ilk reklam cəmisi doqquz dollara başa gəlib.

Dünyanın ən böyük tirajla nəşr olunan qəzetlərinə Yaponiyada çap olunan “Yomiuri Şim-bun” qəzeti başçılıq edir. Qəzet 14 milyon tirajla çap olunur.

Böyük vətən müharibəsindən sonra SSRİ-də televiziyanın yayım keyfiyyətini artırmaq üçün yeni teleqüllənin tikintisi ilə bağlı qərar verilib. Sovet alimi Nikolay Nikitin “Ostankino” televiziya qülləsinin layihəsini bir gecəyə hazırlayıb.