25.08.2026 - 12:22
Təhsil 22 baxış

Xəzərin səviyyəsinin azalması: Təhlükəli fəsadlar yaxınlaşır!

Xəzər dənizinin səviyyəsində son illərdə müşahidə olunan davamlı azalma sahil zonalarına, infrastruktur obyektlərinə, gəmiçiliyə və ekosistemlərə ciddi təsir göstərir. Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, Xəzərin dünya okeanı ilə birbaşa əlaqəsinin olmaması onun səviyyəsinin müxtəlif təbii və antropogen amillərin təsiri ilə dəyişməsinə səbəb olur.

Minval.info xəbər verir ki, Səfərov bildirib ki, 2006-cı ildən etibarən Xəzərin səviyyəsi ardıcıl olaraq aşağı düşür və 2005-ci illə müqayisədə azalma artıq 2,5 metrdən çoxdur. Müxtəlif geoloji dövrlərdə Xəzərin səviyyəsinin dəyişməsində əsasən tektonik proseslər rol oynayıb. Son minilliklərdə isə iqlim və hidroloji amillərin təsiri daha böyükdür. Hazırda Xəzərin səviyyəsinin dəyişməsi onun su balansı ilə müəyyən olunur. Gəlir hissəsini çayların gətirdiyi su və səthə düşən yağıntılar, çıxar hissəsini isə səthdən buxarlanma və Qaraboğazgöl körfəzinə gedən su təşkil edir.

Alim qeyd edib ki, Volqa çayının Xəzərin səviyyə dəyişmələrində xüsusi əhəmiyyəti var. Volqa hövzəsində ötən əsrin 50-ci illərindən başlayaraq çoxsaylı iri su anbarları yaradılıb və onların ümumi səthi 36 min kvadrat kilometrdən çoxdur. 1980-ci illərdən başlayaraq temperaturun artması ilə əlaqədar su anbarlarının səthindən buxarlanma kəskin artıb. Eyni zamanda, temperaturun yüksəlməsi suya olan tələbatı da artırıb. Sənaye, kənd təsərrüfatı və məişətdə suya tələbatın artması nəticəsində çay axımının formalaşmasına da təsir yaranır.

Səfərov əlavə edib ki, Xəzərin səviyyəsinin həm kəskin aşağı düşməsi, həm də yüksəlməsi sahil infrastrukturuna təsir göstərir. Dəyişikliklərin ekosistem üçün də mühüm nəticələri var. Gəmiçilik sahəsində yaranan problemlərə toxunan alim, dənizin dayazlaşması nəticəsində iri gəmilərin sahilə yanaşmasında çətinliklər yarandığını və bunun qarşısını almaq üçün mütəmadi dərinləşdirmə işlərinin aparılmasının tələb olunduğunu bildirib. Bu isə əlavə maliyyə və texniki resurslar tələb edir.

Hazırda dünyanın müxtəlif ölkələrindən alimlər Xəzərin səviyyəsinin azalması dinamikasını, bunun səbəblərini və gələcəkdə yarada biləcəyi nəticələri öyrənirlər. Əsas məsələ həmin dəyişikliklərin ölkənin infrastrukturuna, ekologiyasına, dəniz gəmiçiliyinə və dənizdən çıxarılan karbohidrogen yataqlarına real təsirinin müəyyənləşdirilməsidir. Xəzərin səviyyəsinin növbəti 10–20 il ərzində necə dəyişəcəyinin müəyyənləşdirilməsi və mümkün nəticələrin əvvəlcədən qiymətləndirilməsi həm elmi, həm də praktiki baxımdan mühüm əhəmiyyət daşıyır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: