İki ilə yaxındırki dünyanı cənginə almış “Koronavirus” bir çox sahələrdə iqtisadi çöküş yaratdı. Bu sahələrdən biri də toy sektorudur. Bildiyimiz kimi 2 ilə yaxındır ki, yoluxma sayı artdığı üçün toy mərasimlərinin keçirilməsi qadağan edilib. Lakin yoluxma sayı azaldığı üçün və bəzi şərtlərlə 1 iyul 2021- ci ildə toy mərasimlərinin keçirilməsinə icazə verildi.

Qonaqların sayı 150 nəfərdən çox olmamalıdır.

50 nəfərə qədər şəxsin qatılacağı şənlik mərasimlərində COVID-19 pasportu tələb olunmur. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir.
50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirak edəcəyi şənliklərdə yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Tibbi maskalardan istifadə məcburi deyil.
Xidmət göstərən heyət (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməlidir.

Toy mərasimlərinin keçirilməsinə icazə verildikdən sonra “Gülüstan”, “Golden Baku“, “Billur”, “Kral”, “Aura”, “SS Holl”, “Ərzurum”, “Xan Bağı”, “Neon Palace”, “Kleopatra” adlı restoranlar qaydalara riyayət etmədikləri  üçün cərimə ediliblər.

Qadağalara uymaq istəməyən, daha çox qazanmaq, müştərini qaçırmamaq üçün çalışan bəzi restoranların olduğu deyilir. Biz də bu iddiaların nə qədər doğru olduğunu öyrənmək üçün bəzi restoranlarla əlaqə saxladıq. Jurnalist olduğumuzu bilən istənilən restoran əməkdaşı reallıqdan uzaq açıqlama verə bilər. Bu da çox normaldır. Biz də buna görə özümüzü müştəri kimi təqdim etdik, “Yaxın günlərdə toyumuz olacaq” deyib bir neçə şadlıq evi ilə əlaqə saxladıq. Cavablar isə maraqlı oldu.

“Neolit”, “Gilavar” və “Baku castle” restoranları “Qanunlar necədirsə əməl edirik. 150 nəfərdən çox olan toyları qəbul etmirik” dedilər.
“Elgün”, “Yeni Saray” restoranlarının cavabları isə fərqli oldu. “Covid – 19 pasportu lazımdırmı, önəmlidirmi” sualına “Ona bir şey fikirləşərik”, “Onları burada danışarıq, telefonda yox” kimi cavablar aldıq. Əgər qaydalara əməl etsə idilər qısa və rahat cavab almalı idik – “Bəli, qaydalar var və 150 nəfərdən çox şəxsin iştirakı mümkün deyil”. Amma “bir şey fikirləşərik” deyildi.

Görünür ki, bir çox restoranların cərimə edilmələrinə baxmayaraq bəzi restoranlar hələ də özlərinə dərs çıxarmayıblar. Bu da o deməkdir ki, yaxın vaxtlarda cərimə olunan restoranlar siyahısına yeniləri əlavə ediləcək.

Nərminə Məmmədova