Prezident İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımın atılmasına imkan verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən MİNVAL.İNFO-a verilən məlumata görə, sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Minimum əməkhaqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək.

Pensiya və sosial müavinət artımı tədbiri isə 450 min şəxsə müvafiq sosial ödənişin artırılmasına imkan verəcək.

Təqaüd artımı istiqaməti isə tələbələrin rifahına dəstək məqsədi daşıyır. Təqribən 130 minədək tələbənin təqaüdündə artım olacaq.

Sərəncamın icrası ilə sosial ödəniş artımı həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək.

Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək Sərəncam onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Xatırladaq ki, sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanılıb və qısa müddət ərzində bu təkliflər yekunlaşdırılaraq təqdim ediləcək.