Külli miqdarda dələduzluqda ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O da Akif Çovdarov işində zərərçəkən iş adamının binasından ev satıbmış.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən M.Mehdiyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan M.Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında qandallanıb.

Xatırladaq ki, prokuror Mehdi Mehdiyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Ev alqı-satqısı ilə məşğul olan Mehdi Mehdiyev “Yüksəliş-C” MMC və “Yeni Yasamal” MTK-dan 8 bina satıb. Sonradan məlum olub ki, həmin mənzillər başqa şəxslərə də satılıb.

“Yüksəliş-C” MMC və “Yeni Yasamal” MTK-da bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı şikayətlərdən sonra şirkətlərin rəhbəri Cahangir Alışov və digərləri həbs edilib. Bundan sonra Mehdi Mehdiyevin də əməlinin üstü açılıb.

M.Mehdiyev hazırda həbs edilməyib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bildirək ki, Cahangir Alışov “Yeni Yasamal” MTK-nın sədri olub. Habil Fətəliyev isə Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərib.

Xatırladaq ki, yuxarıda adı çəkilən tikinti şirkətlərində mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.

Bununla da paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər.

Bundan başqa, C.Alışovun H.Fətəliyev və qeyriləri ilə əlbir olub “Yüksəliş-C” MMC-nin direktoru vəzifəsində işləməklə həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrarən 11 nəfərə satmaqla 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər.

Minval.info