18.11.2026 - 10:24
Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı
Araşdırma 239 baxış

Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı

Bu gün susuz səhraların uzandığı Səudiyyə Ərəbistanının ərazisində təxminən 125 min il əvvəl nəhəng şirin su gölü mövcud olub. Gölün sahilləri sıx bitki örtüyü ilə əhatələnib, burada begemot, dəvə və ceyran ovlayan qədim insanlar yaşayıb. Arxeoloji tapıntılar Ərəbistan yarımadasının qədim sakinlərinin həyatına dair maraqlı mənzərəni üzə çıxarıb.

Publika.az xəbər verir ki, “Science” jurnalında dərc olunan araşdırma Səudiyyə Ərəbistanının cənubundakı Mundəfan bölgəsində yerləşən Uruk əl-Cüleybə qədim yaşayış məskəninə həsr olunub.

Alimlər müəyyən ediblər ki, qədim gölün sahəsi təxminən 340 kvadratkilometr, maksimal dərinliyi isə 29 metr olub. Bu su hövzəsi iqlimin indikindən xeyli rütubətli olduğu və “Yaşıl Ərəbistan” adlandırılan dövrdə mövcud olub.

Qədim yaşayış məskənində heyvan və bitkilərə aid 500-dən çox fosil qalıq, eləcə də 5,5 mindən artıq daş alət aşkarlanıb. Heyvan qalıqları arasında begemot, nəsli kəsilmiş uzunbuynuzlu camışlar, dəvələr, ərəb oriksləri, ceyranlar və dəvəquşuları var. Alətlərin əksəriyyəti çaxmaqdaşından hazırlanıb. Onların hazırlanmasında Levallua daş emalı texnikasından istifadə edilib.

Araşdırmanın ən maraqlı nəticələrindən biri daş alətlərin səthində bitki mənşəli maddələrin izlərinin aşkarlanmasıdır. Bu, qədim insanların bitkilərdən yalnız qida kimi deyil, həm də ov ləvazimatlarının hazırlanmasında və gündəlik işlərdə istifadə etdiyini göstərir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: