Ərdoğan dirənməkdə haqlıdır – Millət vəkili
Millət vəkili Fazil Mustafa Türkiyə-ABŞ münasibətlərinə dair məqalə ilə çıxış edib.
Minval.info həmin məqaləni olduğu kimi təqdim edir:
“Türkiyədə baş verən son iqtisadi çalxalanmalar fonunda Azərbaycandan durub cümhurbaşqanı Ərdoğanı hədəfə alanların məntiqini anlamaq mümkün deyil. ABŞ-la daha necə davranmaq olar, ilk öncə bu sualı doğru-dürüst cavablandırmaq lazımdır. İlk öncə özünüzü qoyun Türkiyənin və Ərdoğanın yerinə. ABŞ Azərbaycandan indiyədək nə istəyib? Lütfən, özünüzü güldürmək üçün deməyin ki, demokratiya istəyib!!! İstədiyi, ilk öncə Dağlıq Qarabağı mülayim yolla, yəni sülh yolu ilə Ermənistana təhvil verməkdir. Bunun üçün də illərdir, həm separatçı rejimə böyük paralar ayırır, Ermənistanı işğalçı dövlət kimi dəstəkləyir, həm də bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü tanımayan qərarların altına imzasını qoyur. Üstəlik də istədiyi neftdir, paradır, tabeçilikdir! Eyni şeyi təbii ki, bizə qarşı Rusiya da edir. Ancaq böyük dövlətlərlə davranış qaydalarına ciddi əməl etməklə yanaşı sonda bizim də bir qırmızı cizgimiz var və hansısa məqamda öz dövlət şəxsiyyətimizi qorumaq üçün hansısa təhdidlər olduğunda dirəniş göstərməyə hazır olmamalıyıqmı? İndi Türkiyədə ABŞ-ın əsas götürdüyü bir rahib bəhanəsini kənara qoyaq. Adamlar Türkiyədə legitim hakimiyyəti devirmək istəyən qüvvələri, PKK və FETÖ terrorçularını açıqca dəstəkləyir, Suriyada və İraqda Türkiyənin maraqlarını çeynəyir, müttəfiqlik öhdəliklərinə əhəmiyyət vermir, sonda da özünün savaşdığı qüvvələrlə Türkiyənin də əsassız olaraq savaşmasını istəyir. Baxın, Türkiyənin təbii qaz ehtiyatının 17 faizini İran təmin edir, ABŞ da bildirib ki, kim İranla ticarət etsə, mənimlə dost olmayacaq, itkilərin də kompensasiyasını ödəməyəcəyəm, o halda Türkiyə qazsızmı qalmalıdır? Yenə neft üçün alternativlər mövcuddur, qaz məsələsi isə birbaşa iqtisadiyyatın təməlini sarsıda bilər. İndi bu rahib məsələsi olmasaydı, İranla ticarət anlaşmasına sadiq qaldığına görə eyni gömrük dezavantajını ABŞ Türkiyəyə tətbiq etməyəcəkmiydi? Az qala Türkiyənin böyür-başında Bərzaniyə dövlət qurdurmaq istəyən ABŞ deyildimi? Həm də unutmayaq ki, ABŞ faktik olaraq böyründəki Kanadadan, Meksikadan, Venesueladan, bizlərə yaxın Rusiyadan, İrandan, Çindən və ən əsası da Avropa Birliyindən də kobud şəkildə tabeçilik tələb edir, şəxsiyyətinə, maraqlarına hörmətsizlik göstərilən yalnız Türkiyə deyil ki?.. Bu dövlətlər də terrorçularla işbirliyi içində olan rahibi ev həbsində saxlamırlar ki?!.. Siyasətdəki davranışlarda, deyimlərdə, üslublarda yanlışlar ola bilər, lakin bu məsələdə Türkiyənin dirənişi və Ərdoğanın cəmiyyəti açıq şəkildə bu dirənişə səfərbər etməsi doğru addımdır. Bu cür çalxalanmalar cəmiyyətin dinamizmini bir çox hallarda gücləndirməklə yanaşı, boşluqların və natamamlıqların da daha ciddi idrak olunmasına imkan yaradır. Azərbaycan da həm dövlət olaraq, həm də cəmiyyət olaraq Türkiyə üçün məhz bu məqamda gücü yetən fədakarlığı etməlidir”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!