Azərbaycanlı “qanuni oğru”nun bacısı oğlunu bıçaqlatdıran Quram Çixladze İstanbulda tutuldu; kriminal aləm yeni savaş astanasında    

Azərbaycanlı kriminal avtoritet Lotu Qulinin (Nadir Səlifov) bacısı oğlu Məhəmməd Qurbanovu (Maqa Rustavski) bıçaqlatdıran “qanuni oğru” – Quram Çixladze saxlanılıb. Hadisə ötən ilin dekabrının sonlarında baş vermişdi.

Belə ki, Maqanın dostları ilə dincəldiyi restorana 15-20 nəfərlik qrupla gələn Quram Qulinin qohumunu masasına çağırıb. O, Maqadan “oğru” olmaq istəyib-istəmədiyini soruşub. “Oğru” tacına real namizədlərdən olan Maqa cavabında onsuz da özünü belə hesab etdiyini deyib. Quram isə  bu dəfə “frayer” (Vəhşi Armanı nəzərdə tutur) onu vurarkən niyə hərəkətsiz dayanmasını soruşub. Bu zaman Maqa ona ağır cavab verib. Yumruqlarını işə salan Qurama yanındakılar da dəstək olub. Bu zaman Maqa bıçaqlanıb. Zərbələr həyati əhəmiyyətli orqanlara dəyməsə də, yaxınlıqdakı xəstəxanaya çatdırılan Maqaya tikişlər qoyulub.

Bildirilirdi ki, Türkiyə polisi insidentdə iştirak edənləri axtarır. Belə görünür ki, hadisədən təxminən ayyarım sonra Quram İstanbulda ələ keçib.

Musavat. com bildirir  ki, konflikt Quli ilə yaxınlaşan Quramın Türkiyədə qətlə yetirilən Rövşən Canıyevin (Lənkəranski) adamları ilə də mehriban olduğunun üzə çıxması ilə başlayıb.  Quli Quram Çixadzenin Lənkəranski klanı ilə internetdə üzə çıxan şəklindən sonra şillələdib, ondan uzaq durmasını istəyib. Bu işi isə “Vəhşi Arman” ləqəbi ilə tanınan qazaxıstanlı Arman Cumagəldiyev edib.

Quram Çixadze

Bu insident tezliklə cinayət aləmində böyük rezonans doğurub. 1994-cü ildə Quramın atası -“qanuni oğru” Aftandil Çixadze və anası gözü qarşısında öldürüləndən sonra Şakro da daxil “qanuni oğru”lar 6 yaşlı bu oğlanı öz himayələrinə götürüblər. 16 yaşında ona “qanuni oğru” titulu veriblər.

Döyülmə insidentdən sonra Şakro Molodoy və Badri Koquaşvili (Kutaisili) Quramın müdafiəsinə qalxıblar. Şakro deyib ki, Qurama vurulan zərbəni özünə vurulmuş hesab edir. Badri isə hətta “sxodka” keçirməyə cəhd edib. Amma bir çoxları özünü Quli ilə pis etmək istəməyib.

Bundan sonra isə  Quli “sxodka” çağırıb. “Sxodka”da iştirak edən “Vəhşi Arman” öz hərəkətini izah edib və toplantıdakıların narazılığına səbəb olmayıb. İddiaya görə, Quli Qurana and içib ki, onun məsələsi üçün “sxodka”ya cəhd edən Badri Koquaşvilini cəzalandıracaq.

Rusiya mediası iddia edirdi ki, Badrini “qanuni oğru”lardan Elqudja Turkadze və Asatryan dəstəkləyib. Vaqif Bakinski və Ded Xasanın yaxın qohumu olan Miron isə bitərəf qalıb, Quli ilə konfliktə girməyiblər.

Bundan sonra KİV-lərdə Quliyə qarşı kompromat savaşı başlayıb. Belə ki, Qulinin ən yaxın adamlarından birinə çevrilən “Vəhşi Arman”ın Qazaxıstanın xüsusi-xidmət orqanları ilə yaxınlığı haqda iddialar peyda olub. Bildirilir ki, guya Quli də “Vəhşi Arman”ın “yuxarılara” bağlılığını bilir, amma bu vəziyyət ona sərfəli olduğu üçün susub.

Lotu Quli

Rusiya KİV-lərinin xəbərinə görə, gürcü “qanuni oğru” Badri Quli ilə konfliktdən çəkinmirdi, əksinə, səsi gah Moskvadan, gah Yunanıstandan, gah da Praqadan gəlirdi.

Məlumatlarda deyilir ki, Badri Qulinin əleyhinə apardığı telefon danışıqlarında iddia edir ki, azərbaycanlı “qanuni oğru” “Vəhşi Arman”la haqq-hesaba imkan vermir, onu müdafiə edir. Quli isə Quramın ona müraciət etmədiyini, üstəlik, istənilən “sxodka”ya ehtiyac yaranarsa, “Vəhşi Arman”ı şəxsən gətirəcəyini deyib.

Badrinin cəhdlərinə baxmayaraq, əsasən, Yunanıstana sığınmış “qanuni oğru”lar Quli ilə konfliktə girməkdə maraqlı olmayıblar. Onlar ümumiyyətlə, Badrinin bu konfliktlə Yunanıstana yeni müharibələrin toxumunu səpə biləcəyindən ehtiyatlanırlar. Badri isə bu  konfliktdə ən güclü dəstəyə – hazırda həbsxanada 10 illik cəzasını çəkən Şakroya güvənirdi.

Hələ bir müddət əvvəl Rusiya nəşrləri iddia edirdi ki,  Quli təhdidlər səbəbindən  Türkiyədən Qətərə köçüb. Bu isə  rəqiblərinin onu aradan götürmək planlarına görədir. Bu arada məlumat yayılıb ki, Qulinin Qətərə köçdüyünü eşidən Badri gizli şəkildə İstanbula gəlib. Onun İstanbulda türk mafiyasının ən tanınmış simalarından olan Sedat Pekerlə görüşdüyü bildirilir. Koquaşvilinin İstanbul səfəri Nadir Səlifovla problemləri yoluna qoymaq məqsədi daşıyıb. Lakin bu məsələdə Sedat Pekerin dəstəyini ala bilməyib. İstanbulda olması xəbərinin Quliyə çatdığını eşidən kimi isə Badri tələsik Türkiyəni tərk edib.

İddia olunur ki, konfliktin bu həddə gərginləşməsində Şakronun maraqları var.  O, Qulinin getdikcə artan nüfuzundan narahat olmağa başlayıb və bir nömrəli “qanuni oğru” olmaq şanslarını itirə biləcəyini düşünüb.

İddia olunur ki, Qulini bitirmək üçün iki plan var.  Bunlardan biri onu fiziki cəhətdən məhv etməkdir. Bununla bağlı 1 milyon dollar mükafat ayrılıb. Digər plan isə onun həbsinə nail olmaqdır. Bu plana görə beynəlxalq axtarışda olan Nadir Səlifov Yunanıstana “sxodka”ya çağırılır və orada polis əməliyyatı nəticəsində həbs edilir. Hələ ki, bu planlar alınmır.

Quramın həbsindən sonra hadisələrin necə inkişaf edəcəyi maraq doğurur.

Orxan,
“Yeni Müsavat”