Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynlinin vəziyyəti pisləşib.

“Ölkə.az” xəbər verir ki, o, müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.

Könüllü əsgər Z.Şahhüseynli Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşmüş və ağır yaralanıb. Əsgər Z.Şahhüseynov döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala aparılıb.

Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazi ötən gün günorta saatlarında komaya düşüb.

Hazırda Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində həkimlər qazini həyata qaytarmaq üçün mücadilə edirlər.

“YAŞAT” Fondundan “Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaralı Şahhüseynli Zeynal

Füzuli oğlu fonda müalicə üçün deyil, məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət edib:

“Həmin müraciət də Fond tərəfindən təmin edilib.

Şahhüseynli Zeynal Füzuli oğlunun beyninə anidən qan sızması və Lənkəran RMX-də hazırda müalicə almasına gəlincə həkimlərin müayinəsinə əsasən rəy verilib ki, 3 gün ərzində onun Bakıya köçürülməsi vəziyyətinə görə uyğun hesab edilmir. 3 gün sonrakı vəziyyətinə uyğun olaraq yenidən baxılıb qərar verilə bilər.

Yaralımız “YAŞAT” Fondunun nəzarətindədir və Fond yarana biləcək tibbi xərcləri qarşılamağa hazırdır” – açıqlamada qeyd edilib.