Xəzər dənizinin Pirşağı çimərliyində suiti cəsədləri aşkarlanıb.

“minval.info” xəbər verir ki, yayılan görüntülərdən də aydın olur ki, heyvanlar sahil zolağında kütləvi şəkildə tələf olublar. Bəzilərinin cəsədləri çürüsə də, bəziləri yenidir. Suitilərin hansı səbəbdən ölməsi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanovla əlaqə saxladıq.

O, artıq əraziyə baxış keçirildiyini və müşahidələr apardıqlarını bildirdi: “Suitilər bu vaxtlar artıq Xəzərin şimal istiqamətinə – Rusiya və Qazaxıstan ərazilərinə gedərək çoxalırlar. Burada olan suitilər isə yaşlı və cavan fərdlər olur. Əsasən mart, aprel, hətta may aylarında Abşeron arxipelaqında yaşayırlar və istirahət üçün sahilə də çıxırlar. Bu gün Pirşağı çimərliyi ərazisinə ilkin müşahidəmiz göstərdi ki, orada olan suitilər müxtəlif vaxtlarda ölüblər. Bu fərdlər balıqçıların toruna düşüblər. Onlara balıqçılar tərəfindən iti alətlərlə zədə yetirilib. Heyvanlar da qan itirib, qayalara çırpılaraq gəlib sahilə çıxıblar. Ölmüş vəziyyətdə sahilə çıxıblar ya sağ olublar, onu deyə bilmərik. İndi hamısı ölüblər”.

S. Süleymanov bildirib ki, hazırda sözügedən ərazidə 10-a yaxın suiti cəsədi var: “Bu heyvanlar kəsici alətlərlə məhv ediliblər. Bilirik ki, bu məməlilər yırtıcıdır, Xəzərdə qurulmuş torlarda balıqları yemək istəyərkən özləri tora düşüblər. Balıqçılar tordan balıqları yığanda onlara zədə yetiriblər. Bədənlərində bununla bağlı aydın izlər var”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova da AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları ilə birgə bu suiti cəsədləri üzərində vizual müşahidələr aparıldığını bildirib: “Pirşağı çimərliyində 10-a yaxın suiti cəsədi var və bir-birlərindən xeyli aralıda yerləşirdilər. Cəsədlərin əksəriyyəti yaşlı fərdlərə məxsusdur, artıq çürüyüblər, eləsi də var çürüməkdədir. Hansılar ki, çürüməyib, onların 2-3 gün və ya bir neçə həftənin cəsədləridir. Onların üzərində kəsici alətlə olan zədələr var idi. Yəni balıqçı torlarına düşdükləri və balıqçılar tərəfindən tələf edildikləri qənaətinə gəldik. Hansılar ki, çürüyüblər, onlar haqqında fikir söyləmək bir az çətindir. Çünki hazırkı dövrdə suitilər çoxalmaq üçün Xəzərin şimal sahillərinə gedirlər. Burada qalanlar yaşlı fərdlər olurlar və onlar da qida axtarışında ola bilər ki, dənizdə olan qayalara çırpılıblar. Belə olanda tələf olur və ya yaralanırlar. Dalğa onları sahilə çıxarır və orada tələf olurlar”