Özəl universitetlərə maraq niyə azalıb?
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb və bu nəticələr universitetlərdə plan yerlərinin dolma səviyyəsi ilə abituriyentlərin seçim meyillərini gündəmə gətirib. Xüsusilə özəl ali təhsil müəssisələrində qəbulun nəticələri, əvvəlki illərlə müqayisədə bu universitetlərə marağın hansı səviyyədə olması müzakirə mövzusudur.
Minval.info xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli ali təhsil müəssisələrinə qəbul nəticələrinin elan olunmasına baxmayaraq, universitetlərin hələ də plan yerlərinin dolması ilə bağlı yekun hesabatlarını açıqlamadıqlarını bildirib. Onun sözlərinə görə, bir neçə gün ərzində hansı universitetlərdə plan yerlərinin dolduğu, hansılarda isə boş yerlərin qaldığı daha aydın olacaq.
Ekspertin fikrincə, abituriyentlərin özəl universitetləri seçməsi ilə bağlı tərəddüdlər mövcuddur. Bunun səbəblərindən biri, cəmiyyətdə Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərin diplomlarının akkreditasiya standartlarına uyğun olmadığı və ya tanınmadığı barədə fikirlərin dolaşmasıdır. Bu, özəl universitetlərin ictimaiyyətlə əlaqələr işini zəif aparması ilə bağlıdır.
Məzahir Məmmədli qeyd edir ki, azərbaycanlı abituriyentlərin xarici ölkələrdəki özəl universitetlərə marağı da diqqət çəkir. Yaxın qonşu ölkələrin özəl universitetlərinə kifayət qədər böyük axın var. Hər dəfə qəbul prosesi başa çatdıqdan sonra Türkiyə, Kipr, Gürcüstan, Rusiya, hətta hazırda müharibənin davam etdiyi Ukraynaya üz tutan abituriyentləri görmək mümkündür. Onlar bəzən Azərbaycanın özəl universitetlərindən daha çox həmin ölkələrdə fəaliyyət göstərən özəl universitetlərə inanırlar.
Bu il də abituriyentlərin bir qismi özəl universitetləri seçim siyahısının sonlarında qeyd edib. Ekspert hesab edir ki, yaxın bir-iki gün ərzində hansı universitetdə plan yerlərinin dolub-dolmadığı ilə bağlı daha konkret məlumat əldə etmək mümkün olacaq.
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması və Naxçıvan Müəllimlər İnstitutuna qəbul planının ayrılmaması da qəbul prosesinə təsir göstərib. Bakı Qızlar Universitetinə bu il qəbul aparılmadı və bu, həmin abituriyentlərin digər, xüsusilə pedaqoji kadr hazırlayan universitetlərə yönəlməsi ilə nəticələndi.
Məzahir Məmmədli vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən istər dövlət, istərsə də özəl ali təhsil müəssisələri müəyyən olunmuş standartlar əsasında fəaliyyət göstərirlər. Universitetlər, müvafiq akkreditasiya və digər tələblərə uyğunluğu təsdiqləndikdən sonra fəaliyyət göstərə bilirlər.
Ekspertin fikrincə, həm özəl, həm də dövlət universitetləri, xüsusilə ixtisas seçimi ərəfəsində ictimaiyyətlə əlaqələr işini gücləndirməlidirlər. Universitetlərin geniş və məlumatlı internet saytları olmalıdır ki, abituriyentlər professor-müəllim heyəti, tədris imkanları və universitetdəki şərait barədə əvvəlcədən ətraflı məlumat əldə edə bilsinlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağsu aşırımında sürüşmə: Yol bağlandı!
Bağdad-Bakı reysində 866 qutu qanunsuz tütün ələ keçirildi
Elxan Mütəllimov DOST Agentliyində yeni vəzifədə
Qarabağ yeni legionerlərlə güclənir: Transferlər yolda!
Azərbaycandan Ermənistana növbəti tranzit tədarükü
Bakıda hava yağmursuz, rayonlarda leysan ehtimalı
Bakıda və bölgələrdə küləkli hava gözlənilir