Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarə rəisi Vaqif Cavadov Binəqədi Rayon Məhkəməsin hakimi Aygün Qurbanovanın “Sonalar Sonası” şadlıq sarayı ilə bağlı verdiyi qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. 

Qaynarinfo-nun məlumatına görə, idarə rəisi Vaqif Cavadov bildirib ki, işə baxan hakim Aygün Qurbanova ətraf mühitin mühafizəsi üzrə səlahiyyətli orqanın qərarlarını bütün hallarda qanunsuz və əsassız ləğv edərək başlanmış inizibati xəta haqqında iş üzrə icraata xitam verir. Onun sözlərinə görə, hakim bununla da inzibati xəta törətmiş şəxslərin cəzasız qalmasına şərait yaradır.

İdarə hakimə etiraz edib və işin həmin hakimdən alınması, obyektiv qərar qəbul edilməsi üçün başqa bir hakimə həvalə olunmasını xahiş edib. Lakin hakim etirazı qəbul etməyib və iş üzrə icraata xitam verib.

Bakı Apelylyasiya Məhkəməsinin qərarı ilə idarə rəisinin şikayəti qismən təmin edilib. Binəqədi Rayon Məhkəməsinin “Sonalar Sonası” şadlıq sarayı ilə bağlı 19 avqust 2022-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün ilkin instansiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, nazirlik “Sonalar Sonası” şadlıq sarayı ilə bağlı bu ilin iyul ayında İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə inzibati protokollar tərtib edilib.