“Bizdə nəqliyyatın idarə olunması, nəzirlərin idarə olunmasına bənzəyir. Yəni, hansı qiyməti necə idarə edirlər, bu hansı mənbələrə gedir, baş açmaq olmur”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni E1 ekspres marşrut xəttinin fəaliyyətə başlamasına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bütün bunlar vətəndaşların sosial vəziyyətini daha da ağırlaşdırır:

“Bu qərarlar vətəndaşların vəziyyəti nəzərə alınaraq, eyni zamanda müəyyən dərəcədə cəmiyyətlə məsləhətləşmə formasında həll etmək lazım idi. İstədikləri qiyməti qoyurlar, sonra tələb edirlər ki, bu qiymət ödənməlidir. Yoxsul əhalinin bunu ödəmək imkanı yoxdursa, kimsənin vecinə deyil hansısa kompensasiya, subsidiya vasitələrinin nəzərdə tutulması. Ona görə olduqca narahatedici məsələdir. İndiyə qədər hələ bu istiqamətdə müsbət addımların atıldığı görünmür. Həmişə vəziyyət ağırlaşmağa doğru gedir. İstər hava nəqliyyatında, istər ictimai nəqliyyatın vəziyyətilə bağlı hər hansı bir müzakirənin açılmaması özü böyük bir sual yaradır”.

F. Mustafa vurğulayıb ki, keyfiyyət baxımından da yaxşı xidmət göstərilmir:

“Alternativ xidmətin olmaması böyük bir problemlər yaradır. Çünki ictimai nəqliyyatdan istifadə edən həm də benzinin bahalığına görə marşrutdan istifadə edir. Əslində, maraqlı olmalıyıq ki, insanların xeyli hissəsi ictimai nəqliyyata yönəlsinlər. Çünki şəxsi avtomobillə hərəkət böyük tıxac yaradır. Lakin bunu doğru stimullaşdıra bilmirlər. İdarərəetmənin nəqliyyatla bağlı olduqca intellektsiz bir yanaşma mövcuddur. Ona görə də hansı qərarı niyə qəbul etdiklərinin başa düşmək xeyli çətindir”.