Məkkə hədəfdə: Husilərdən yeni təhdid!
Məkkə şəhəri husilərin hədəfindədir və bu, Səudiyyə Ərəbistanı ilə Yəmən arasındakı gərginliyi daha da artırır. Husilərin müqəddəs şəhər olan Məkkəni hədəf seçməsi xəbəri geniş rezonans doğurub. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü, briqada generalı Turki əl-Maliki bildirib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri yəmənli husilərin Məkkənin məhdud hava məkanına girməyə cəhd edərkən buraxdığı pilotsuz təyyarəni ələ keçirib.
Minval.info xəbər verir ki, husilər isə Krallıqdakı müqəddəs yerlərə hücum cəhdi ilə bağlı ittihamları rədd edirlər. Siyasi şərhçi Rəşad Bayramov qeyd edir ki, Səudiyyə Ərəbistanının Məkkə yaxınlığında husilərə aid olduğu bildirilən pilotsuz uçuş aparatını ələ keçirməsi adi hərbi insidentdən daha böyük siyasi və dini məna daşıyır. Onun sözlərinə görə, dronun həqiqətən husilər tərəfindən buraxıldığı və uçuş istiqamətinin Məkkə olduğu təsdiqlənsə, bunun məqsədi yalnız hərbi deyil, həm də güclü psixoloji və siyasi təzyiq yaratmaq ola bilər.
R. Bayramov əlavə edir ki, belə bir addım husilər üçün də ciddi siyasi və dini reputasiya riski yarada bilər. Onların hücumu inkar etməsi məntiqi baxımdan başa düşüləndir, çünki Məkkə kimi müqəddəs məkanı hədəfə almaq ittihamı onların müsəlman dünyasındakı legitimliyinə ciddi zərbə vura bilər. Səudiyyə Ərəbistanının hadisəni geniş şəkildə açıqlamasının bir neçə izahı var: Əl-Riyad öz əhalisinə və beynəlxalq ictimaiyyətə müqəddəs şəhərin təhlükəsizliyinə nəzarət etdiyini göstərmək istəyir, Məkkənin hədəfə alınması iddiası isə Səudiyyənin husilərə qarşı mümkün hərbi və diplomatik tədbirlərini legitimləşdirən daha güclü arqument yaradır.
İslam Əməkdaşlıq Təşkilatı da Məkkə və Mədinə regionlarına yönələn hücumları pisləyən bəyanat yayıb. Ekspertlər hesab edir ki, insident daha geniş müstəvidə yayıla bilər və Yəmən münaqişəsində gərginlik yenidən yüksəlir. Husilərin son hücumları Səudiyyə ərazisini və Qırmızı dəniz istiqamətində enerji marşrutlarını da risk altında saxlayır. Buna görə Məkkə hadisəsi təsdiqlənərsə, o, təkcə dini deyil, həm də regional təhlükəsizlik baxımından yeni eskalasiya mərhələsinin göstəricisinə çevriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Rusiya bazası çıxsa, sahibsiz qalmayacağıq
Təhlükəli mallar bazardan çıxarılır: Yeni qaydalar təsdiqləndi
Almaniyadan Paşinyana "sülh mükafatı” – Bakıya mesaj, yoxsa...
Ukrayna Rusiyadan obyektlərin siyahısını gözləyir
Paşinyan: Kərki anklavı 1991 xəritələrinə əsaslanır
Mertsin reytinqi rekord səviyyədə enib
Kosmosda silahlanma: Rusiya ABŞ-yə meydan oxuyur