04.08.2026 - 11:57
Siyasət 27 baxış

Məcburi köçkünlərə yeni qaydalar: Ev təklifindən imtina edənlər nə ilə üzləşəcək?

Məcburi köçkünlərlə əlaqədar qanunvericilikdə təklif edilən dəyişikliklərə əsasən, vətəndaş ona təqdim olunan yeni yaşayış yerindən imtina edərsə, məcburi köçkün statusu ləğv ediləcək.

Minval.info xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə əvvəlki yaşayış yerinin əvəzinə yeni mənzillə təmin olunan məcburi köçkünlərin statusu, qanunun qüvvəyə mindiyi tarixdən etibarən xitam tapacaq.

Maraqlıdır ki, ev sahibi bu vəziyyətdə hansı addımları atmalıdır? Vətəndaşın bu cür mövqe tutması nə dərəcədə düzgündür? Məcburi köçkün statusu şəxsin başqasının əmlakından istifadə hüququnu davam etdirmək üçün əsas yarada bilərmi?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, qanunvericiliyə əsasən, keçmiş məcburi köçkünlərə dövlət tərəfindən əvvəllər yaşadıqları məntəqədə mənzil təklif olunur. Bu mənzili qəbul edən şəxs həmin mənzilə mülkiyyət hüququ əldə edir.

Deputatın sözlərinə görə, vətəndaş dövlət tərəfindən təqdim edilən mənzildən imtina edərsə, həmin andan məcburi köçkün statusunu itirir. Bu halda əvvəl yaşadığı mənzilin sahibi məhkəməyə müraciət edərək həmin şəxsin mənzildən çıxarılmasını tələb edə bilər. Məhkəmənin qərarı əsasında isə icra məmurları qərarın yerinə yetirilməsini təmin edir.

Deputat əlavə edib ki, təklif olunan mənzildən imtina edən şəxs mənzillə bağlı imtiyazlarını dərhal itirir. Lakin sosial yardım, işlə təminat və övladlarının təhsili ilə bağlı güzəştlər kimi digər dövlət dəstəyi 3 il müddətində qüvvədə qalır.

Xatırladaq ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı mərhələli şəkildə həyata keçirilir. Təklif olunan qanun dəyişiklikləri də bu prosesin hüquqi tənzimlənməsinə xidmət edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: