Bakı şəhəri və Abşeron Rayon İcra hakimiyyətlərinin (İH) sürüşmə əraziləri ilə bağlı səlahiyyəti ləğv edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 5 mart tarixli qərarında dəyişiklik edib.

Nazirlər Kabinetinin “Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 5 mart tarixli qərara əsasən, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhərində və Abşeron yarımadasının digər ərazilərində aparılan tədqiqatlar nəticəsində torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələr kağız və elektron variantda təsdiq edilir.

Qüvvədə olan qərara əsasən, torpaq sürüşməsi təhlükəsi olan həmin ərazilərdə tikinti işlərinin aparılmasına icazə verən yerli icra hakimiyyəti orqanları torpaq sürüşməsinə qarşı mövcud tikinti norma və qaydalarına uyğun mühəndis tədbirləri nəzərdə tutulmaqla hazırlanmış layihələrin Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmasını təmin etməli idi.

Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyəti tikintiyə icazə verən orqan (qurum) qismində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir. Başqa sözlə, torpaq sürüşməsinə qarşı mövcud tikinti norma və qaydalarına uyğun mühəndis tədbirləri nəzərdə tutulmaqla hazırlanmış layihələrin Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təmin edəcək.