Lerikdə qadını qətlə yetirməkdə təqsirləndirilən molla Əsgərov Murad Gülbaba oğluna hökm oxunub və o, 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2021-ci ilin aprelin 28-də rayonun Barzavu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü M.Əsgərov həmkəndlisi, 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızını qətlə yetirib.

Qeyd edək ki, M.Əskərov 28 aprel 2021-ci il tarixində Z.Fərziyevanın evdə tək olduğunu bilərək evə daxil olub. O, qadına qarşı əxlaqsız hərəkətlər etməyə çalışıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırmağa başlayıb. M.Əskərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək onu qətlə yetirib.

M.Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, hadisə yerində ifadəsinin yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 157.1-ci (Mənzil toxunulmazlığını pozma, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham irəli sürülüb.