14.09.2026 - 10:35
Kriminal 14 baxış

Bakıda sabah nəqliyyat xaosu: Hazırlıqlı olun!

Bakıda sabah səhər saatlarında nəqliyyatın hərəkətində ciddi sıxlıq gözlənilir. Məktəblərin və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə paytaxt yollarında avtomobil sıxlığının, metro və avtobuslarda isə sərnişin sayının artacağı proqnozlaşdırılır.

Minval.info xəbər verir ki, sentyabrın 15-də məktəblərin və universitetlərin açılması, eyni zamanda insanların işə getməsi səhər saatlarında Bakıda nəqliyyatın hərəkətinə ciddi təsir edəcək. Xüsusilə səhər saatlarında məktəbə gedən şagirdlər, onları müşayiət edən valideynlər, universitet tələbələri və işə tələsən vətəndaşların eyni vaxtda yollarda olması əsas küçə və prospektlərdə sıxlığın artmasına səbəb olacaq.

Bu səbəbdən sabah yola çıxacaq vətəndaşların vaxt itirməmək üçün əvvəlcədən hazırlıq görməsi vacibdir. Vətəndaşlara səhər saatlarında yola adi günlərdən daha tez çıxmaq tövsiyə olunur. Xüsusilə məktəb və işə gedənlər mümkün qədər səfər vaxtına əlavə 30-40 dəqiqə ehtiyat qoymalıdır.

Avtomobillə hərəkət edənlər yola çıxmazdan əvvəl alternativ marşrutları nəzərdən keçirə və sıxlıq yaranan əsas yollardan yayınmağa çalışa bilərlər. İctimai nəqliyyatdan istifadə edən sərnişinlər isə dayanacaqlarda və metro stansiyalarında adi günlərdən daha çox sıxlıq ola biləcəyini nəzərə almalıdır. Buna görə də avtobus və metroya çatmaq üçün evdən bir qədər tez çıxmaq gecikmə riskini azaldacaq.

Məktəbə uşaqlarını aparan valideynlərin də səhər saatlarında əlavə vaxt nəzərdə tutması vacibdir. Məktəblərin qarşısında avtomobil sıxlığı yarana biləcəyi üçün uşağı düşürmək və daha sonra işə getmək əvvəlkindən daha çox vaxt tələb edə bilər. Bundan başqa, ilk dərs günündə məktəblərin yerləşdiyi ərazilərdə piyada hərəkətinin də artacağı gözlənilir. Sürücülər məktəb ətrafında xüsusilə diqqətli olmalı, piyada keçidlərində və məktəb qarşısında sürəti azaltmalıdır.

Bir çox vətəndaş tıxacdan yayınmaq üçün səhər saatlarında taksidən istifadə etməyin daha sürətli olacağını düşünə bilər. Lakin bu, doğru seçim deyil. Çünki taksi də digər avtomobillərlə birlikdə ümumi yolda hərəkət etdiyindən sıxlıq zamanı tıxacda qala bilər. Bu baxımdan, xüsusilə səhər pik saatlarında metro daha rahat alternativlərdən biri hesab olunur. Avtobusla hərəkət edənlər isə avtobuslar üçün ayrılmış zolaqların olduğu istiqamətlərdə daha az vaxt itirir. Buna görə də vətəndaşların sabah yola çıxmazdan əvvəl gedəcəkləri istiqamətə uyğun olaraq metro və avtobus marşrutlarını nəzərdən keçirməsi tövsiyə olunur.

Qeyd edək ki, sentyabrın 15-dən etibarən paytaxtda nəqliyyat sıxlığının artması yalnız ilk günlə məhdudlaşmayacaq. Növbəti günlərdə də məktəb, universitet və iş qrafiklərinin eyni vaxta düşməsi səhər saatlarında yollarda sıxlığın əsas səbəblərindən biri olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: